Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

SMPDK: “Yeni texnologiyaların inkişafı və tətbiqi ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır”


Müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri - müdafiə və təhlükəsizlik, yeni texnologiyaların inkişafı və tətbiqi, səhiyyə, ekologiya, energetika, ticarət və s. ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır.
 
 
Dünya ticarətinin qloballaşdırılması, məhsulların istehsalı və beynəlxalq səviyyədə ticarət predmetinə çevrilməsi, əhalinin sağlamlığı və təhlükəsizliyi naminə artan qayğı, ətraf mühit problemləri - bütün bunlar müasir mərhələdə ölçmələrin vəhdətinin təmin edilməsi tələblərini beynəlxalq səviyyədə daha da gücləndirir.
 
 
Bu baxımdan bu ilin devizi – “Ölçmələr və qlobal enerji problemləri”dir.
 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) qeyd edilib  ki, müasir dövrdə metrologiyanın - ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmazdır:
 
“Metrik Konvensiyasına uyğun olaraq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro” (BİPM) yaradılıb. Bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib və onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıb.  Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir. Ölkələrin milli metrologiya qurumları müasir tələblərə ehtiyac yaranan sahələrdə yeni ölçmə texnikalarını inkişaf etdirmək və təsdiqləməklə ölçmələr üzrə elmin inkişafını təmin etməkdədirlər. Ölçmə nəticələrinin etibarlılığını təmin etmək məqsədilə Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro ilə sıx əməkdaşlıq edirlər”-deyə, komitədən bildiriblər.
 
SMPDK yanında Dövlət Metrologiya Xidmətinin kəmiyyət vahidlərinin dövlət etalonları laboratoriyalarının beynəlxalq metroloji təşkilatlar tərəfindən tanınması məqsədilə işlər aparılmaqdadır.
 
Belə ki, Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroya üzv olmaq və “Dövlətlərin milli etalonlarının və milli metrologiya qurumları tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” beynəlxalq Sazişə qoşulmaqla bağlı müraciət edilib. Bu sahədə digər bir beynəlxalq qurum - Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilat (OİML) metrologiyanın inkişafı, yeni ölçü vahidlərinin müəyyən edilməsi, vahid tələblər əsasında ölçmələrin vəhdətinin təmin edilməsi, başqa sözlə qanunverici metrologiya prosedurlarının qlobal harmonizasiyasını təşviq etmək məqsədilə fəaliyyət göstərir, beynəlxalq tövsiyələr hazırlayır. Azərbaycan Respublikasının adıçəkilən təşkilata üzvlüyü istiqamətində də işlər yekunlaşma mərhələsindədir.
 
 
Komitədən qeyd edilib ki, hazırda SMPDK-nın nəzdində Qüvvə və təzyiq, Sıxlıq və özlülük, Kütlə, Elektrik kəmiyyətləri, Vaxt və tezlik, Temperatur və Dozimetrik dövlət etalonları laboratoriyaları fəaliyyət göstərir.
 
 
 
Həqiqət İSABALAYEVA




20/05/14    Çap et