Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“TASİM” Mərkəzi Asiyada təqdim olunacaq
Gələn ayın 2-dən 3-dək Qazaxıstanın Almatı şəhərində “Mərkəzi Asiyada telekommunikasiya bağlantısı üzrə yüksəksəviyyəli regional dəyirmi masa” keçiriləcək.
“ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən “dəyirmi masa”nın təşkilatçısı Beynəlxalq Millətlər Təşkilatının (BMT) Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasıdır (ESCAP).
Dünya Bankının dəstəyi ilə reallaşacaq tədbirdə Mərkəzi Asiyada yerləşən ölkələrin informasiya-kommunikasiya texnologiyaları üzrə fəaliyyət göstərən dövlət orqanları, İKT şirkətləri, İT ekspertləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edəcəklər.
Ekspert görüşü hesab olunan “dəyirmi masa”da hər bir ölkə və ya şirkət özünün həyata keçirdiyi layihələrin təqdimatını edəcək. Eyni zamanda burada Dünya Bankının nümayəndələri region üçün əhəmiyyətli hesab olunan İKT məsələləri haqqında məlumatlar açıqlayacaqlar. Azərbaycanın da sözügedən tədbirdə iştirak etməsi nəzərdə tutulub. Burada Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən “TASİM (Trans-Avrasiya Super İnformasiya Magistralı)” layihəsinin təqdimatının keçirilməsi planlaşdırılıb.
Məlumat üçün bildirək ki, “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi vacib regional təşəbbüs olmaqla əsas məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Frankfurtdan Honkonqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcəkdir. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya gedəcəkdir. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcəkdir.
Seymur Qasımbəyli
20/05/14 Çap et