Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Startap Azərbaycan”ın Təşkilat Komitəsinin toplantısı keçiriləcək
“Startap Azərbaycan” layihəsinin Təşkilat Komitəsinin (TK) mayın 24-də toplantısı keçiriləcək.
TK-dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, toplantıda müsabiqəyə təqdim edilən layihələr nəzərdən keçiriləcək və müsabiqəyə buraxılan layihələr 1-ci mərhələ qiymətləndirilmə üçün ekspertlərə göndəriləcək.
Ekspertlər bu məlumatlar əsasında yarımfinalçıları müəyyən edəcəklər. Öz layihələri haqqında ilkin məlumatları təqdim edə bilməyənlər müsabiqəyə buraxılmayacaq.
Ekspertlər layihələri təqdim edilən məlumatlar əsasında, layihənin ideyası və davamlılığı, cəlbedici olması, riskləri, gəlirliliyi, əhatə dairəsi , komandanın təcrübəsi və s. istiqamətlər üzrə təhlil edərək qiymətləndirmə aparırlar.
Müsabiqənin 2-ci mərhələsinə keçən yarımfinalçılar isə yenidən öz layihələri ilə bağlı geniş biznes-plan təqdim etməlidirlər.
Geniş biznes-planların tərtib edilməsi məqsədilə onlara beynəlxalq ekspertin iştirakı ilə təlimlərin keçirilməsi nəzərdə tutulub.
Yarımfinalçılar biznes-planları bu təlimlərdən sonra təqdim edəcəklər. Yarımfinalçılar üçün təlimlərin təxminən iyunun 10-dək keçirilməsi nəzərdə tutulub.
Aynur Vəliyeva
21/05/14 Çap et