Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA İdarəetmə Sistemləri İnstitutunun araşdırma və elmi tədqiqat işləri “Neuron Technologies” tərəfindən təcrübədə tətbiq ediləcək


Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu və “Neuron Technnologies” MMC birgə elmi tədqiqatlar həyata keçirəcəklər. İnstitutdan bildirilib ki, bu istiqamət tərəflər arasında imzalanmış əməkdaşlıq haqqında Sazişdə nəzərdə tutulur. Sazişdə, həmçinin təcrübə və məlumat mübadiləsinin aparılması, AMEA İdarəetmə Sistemləri İnstitutu tərəfindən işlənib-hazırlanmış elmi tədqiqat işləri və ya araşdırmaların “Neuron Technologies” tərəfindən təcrübədə, o cümlədən istehsalatda və sənayedə geniş tətbiqi istiqamətində əməkdaşlığı həyata keçirməsi nəzərdə tutulur.
 
 Eyni zamanda, bu sazişə əsasən İdarəetmə Sistemləri İnstitutu “Ürək-damar sistemində patofizioloji proseslərin küylərin analizi əsasında robast diaqnostikasını və proqnozlaşmasını təmin edən monitorinq sistemi” ilə əlaqədar tədqiqat işlərinin aparılması üçün “Neuron Technnologies” şirkətinə “Matlab” (“Matrix Laboratory”) proqramlaşdırma dilində yazılan ürək-damar sisteminin monitorinqi üçün hazırlanan proqram və “3MTM Littmann: Model 3200” tipli elektron stetoskopunu təhvil verib.
 
 
Həqiqət İSABALAYEVA




21/05/14    Çap et