Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərkosmos” Afrika qitəsinin qabaqcıl peyk və telekommunikasiya sərgisi olan “SatCom Africa 2014”-də xidmətlərini nümayiş etdirib


“Azərkosmos” ASC Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilən Afrika qitəsinin qabaqcıl peyk və telekommunikasiya sərgisi olan “SatCom Africa 2014” sərgisində öz stendi ilə iştirak edib.
 
Cari ilin 20-21 may tarixlərində baş tutan tədbir zamanı “Azərkosmos”un nümayəndələri sərgidə iştirak edən 20-dən artıq dünya və Afrikada fəaliyyət göstərən telekommunikasiya şirkətlərinin nümayəndələri ilə görüşüb, Azərbaycanın “Azərspace-1” peyki barədə onları məlumatlandırıb və peykin tutumlarının icarəsinə dair məsələləri müzakirə ediblər.
 
“Azərkosmos”un təmsilçiləri, həmçinin, şirkətin Avropada fəaliyyət göstərən tərəfdaşları ilə görüşərək onların son istifadəçiləri üçün “IP trunking”, “GSM backhaul” (mobil rabitənin daşınması) və teleport həllərini əhatə edən tam xidmətlər spektrinin təqdim edilməsinə dair müzakirələr aparıblar. Tədbir ərzində ASC-nin müştəri xidmətləri maraqlı tərəflərin sorğularını yüksək peşəkarlıq və dəqiqliklə cavablandırıb və bununla çox müsbət təəssürat yaradıb.

 
“Azərkosmos” ASC-nin mütəmadi olaraq dünyada peyk sənayesi və telekommunikasiya sahəsi üzrə keçirilən nüfuzlu beynəlxalq sərgilərdə iştirakı şirkətin “Azərspace-1” peyki və gələcək layihələrinin dünya biznes ictimaiyyəti arasında populyarlaşdırılmasına  xidmət edir və “Azərkosmos”un beynəlxalq brend olaraq təşviqi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
 
Məlumat üçün qeyd edək ki, “Azərkosmos” ASC Qafqaz regionunda fəaliyyət göstərən yeganə peyk operatorudur. Şirkət idarəsində olan “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya və Qafqaz regionunda yerləşən müştərilərinə yüksək etibarlı məlumatların ötürülməsi və teleyayım xidmətləri təqdim edir. Ən azı 15 il orbitdə fəaliyyət göstərəcək peyk 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir.
 
Seymur Qasımbəyli
 




21/05/14    Çap et