Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RYTN-in nümayəndəsi RRB-nin Poçt Komissiyasının sədri seçilib


Özbəkistan Respublikasının Daşkənd  şəhərində  Ümumdünya Poçt İttifaqının (ÜPİ)  təşkilatçılığı ilə "Poçtun keyfiyyəti və logistika xidmətlərinin təkmilləşdirilməsi" mövzusunda  beynəlxalq seminar keçirilib. Eyni zamanda, Regional Rabitə Birliyinin (RRB) Poçt Komissiyasının və Poçt Operatorları Şurasının birgə iclası düzənlənib.
 
Hər iki tədbirdə  RRB-nin üzvü olan ölkələrdən Poçt administrasiyalarının nümayəndələri (Ukrayna, Gürcüstan və Tacikistan istisna olmaqla), həmçinin RRB-nin İcrayyə Komitəsindən  xanım Yelena Bokova, ÜPİ-nin  layihə rəhbəri Yuri Spiriyev, ÜPİ-nin ekspertləri Jan-Mark Koifik və Yan Boynanski iştirak ediblər.
 
 Seminarda ölkəmizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətini əlaqələndirmə şöbəsinin müdir müavini, Poçt sektorunun müdiri Novruz Məmmədovun rəhbərliyi ilə "Azərpoçt" MMC-nin  nümayəndə heyəti təmsil edib. Seminarda müzakirə edilən mövzu ətrafında hər bir ölkənin məlumatları dinlənilib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.
 
Azərbaycan Poçt Administrasiyası tərəfindən də müzakirə olunan məsələ üzrə  son illərdə ölkəmizdə həyata keçirilən tədbirlər barədə müvafiq çıxışlar edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Bütövlükdə isə poçt xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində "Azərpoçt" MMC-də həyata keçirilən işlər yüksək qiymətləndirilib.
 
 
RRB-nin Poçt Komissiyasının və Poçt Operatorları Şurasının birgə iclasında, ÜPİ-nin 25-ci Konqresinin qərarlarının həyata keçirilməsi sahəsində birliyin üzvü olan Poçt administrasiyalarının fəaliyyətləri və 14-15 oktyabr 2014-cü il tarixində keçiriləcək Abijan (Kot-d İvuar) Strateji Konfransına hazırlığın vəziyyəti, 31 mart-11aprel 2014-cü il ÜPİ-nin yaz sessiyasında müzakirəyə çıxarılacaq məsələlər barədə iştirakçıların məlumatlandırılması,  RRB-nin Poçt sahəsi üzrə  İşçi qruplarının gördükləri işlər barədə hesabatların dinlənilməsi, Böyük Vətən müharibəsi qələbəsinin 70 illiyinə hazırlığın vəziyyəti barədə RRB-nin üzvü olan ölkələrin Poçt administrasiyalarının hesabatları və təklif olunan loqotipin (eskizin)  müzakirəsi, RRB-nin Poçt Komissiyası və Poçt Operatorları Şurasına seçkilərin keçirilməsi, RRB-nin Poçt operatorları şurasının üzvlük haqlarına yenidən baxılması və digər məsələlər üzrə müzakirələr aparılıb və hər bir məsələ üzrə Azərbaycanın mövqeyi bildirilərək müvafiq qərarlar qəbul edilib.  RRB-nin Poçt Komissiyasının sədri və müavinləri postuna  seçkilər zamanı Azərbaycan Poçt Administrasiyasından Novruz Məmmədov növbəti müddətə yekdilliklə komissiyanın sədri vəzifəsinə seçilib. Komissiyanın sədr müavini isə Rusiya və Özbəkistan Poçt Administrasiyasının nümayəndələri seçiliblər.
 
 
Seymur Qasımbəyli




21/05/14    Çap et