Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

XVIII Beynəlxalq Peterburq İqtisadi Forumunda “Yeni texnologiyaların idarə olunması və dəyişikliklərə uyğunlaşma” mövzusunda panel sessiya keçiriləcək


22-24 may tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində XVIII Beynəlxalq Peterburq İqtisadi Forumu keçiriləcək. Tədbirdə Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.
 
 
İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib ki, forumda müxtəlif ölkələrin 6 mindən çox siyasi və biznes dairələrinin nümayəndələrinin iştirakı gözlənilir. Tədbir çərçivəsində qlobal biznes liderlərinin sammiti, eləcə də "İnkişafın stimullaşdırılması üçün risklərin idarə olunması", "Rusiyanın rəqabət potensialının açıqlanması", "Yeni texnologiyaların idarə olunması və dəyişikliklərə uyğunlaşma" mövzularında panel sessiyalar, "dəyirmi masa"lar, teledebatlar və brifinqlər keçiriləcək.
 
Qeyd edək ki, 1997-ci ildən başlayaraq keçirilən Beynəlxalq Peterburq İqtisadi Forumu biznes sahəsində dünyanın nüfuzlu tədbirlərindəndir. Hər il 60-dan çox ölkənin dövlət, biznes və elm dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən forumda dünya iqtisadiyyatı, maliyyə sistemi, yeni texnologiyalar, biznes modelləri və s. məsələlər ətrafında müzakirələr aparılır.
 
 
Həqiqət İSABALAYEVA




21/05/14    Çap et