Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Stenford Universitetində tibbi implantlar üçün simsiz enerji doldurma qurğusu yaradıblar


Müasir tibb sahəsində insan bədəninə implantasiya edilən çoxlu müxtəlif kiçik elektron cihazlardan istifadə olunur. Amma bu cihazların bir ümumi problemi var: enerji doldurma problemi.

Bəzi cihazlara müasir texnologiyaların köməyi ilə enerji yükləmək mümkün deyil və onları müəyyən müddətdən sonra əvəz etmək lazım gəlir, bəzi qurğularda isə enerji doldurma proseduru xüsusi avadanlıq və naqillərdən istifadəni nəzərdə tutur.
 
“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, amma tezliklə bu vəziyyət tamamilə dəyişə bilər. Stenford Universitetinin alim-mühəndislər qrupu tibbi implantlar üçün kiçik simsiz enerji dolduma qurğusunun prototipinin yaradılmasını bəyan ediblər.
 
Mütəxəssislər yeni qurğunun köməyi ilə dovşana implantasiya edilmiş kardiostimulyatoru enerji ilə doldurmağa müvəffəq olublar. Gələcəkdə alimlər könüllü insanlar üzərində sınaq seriyası keçirməyi planlaşdırırlar ki, bundan sonra təcrübədə simsiz enerji doldurma qurğusundan istifadə haqqında danışmaq mümkün olacaq.
 
Emil Hüseynov




22/05/14    Çap et