Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini: “EİS-in proqram təminatı artıq hazırdır”
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, əmək müqaviləsi bildirişlərinin “Elektron hökumət” portalı üzərindən elektron informasiya sisteminə (EİS) daxil edilərək qeydiyyata alınması mexanizmi hazırlanıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri Amerika Ticarət Palatasının (“AmCham”) Bakıda təşkil etdiyi işgüzar görüşdə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.
Onun sözlərinə görə, əmək müqaviləsi bildirişlərinin elektron şəkildə qeydiyyata alınması üçün elektron informasiya sistemi cari il iyulun 1-dən tətbiq olunacaq: “EİS-in proqram təminatı artıq hazırdır və yaxın aylarda sistemin tətbiqinə başlanacaq. Bu mexanizm əmək bazarında mövcud münasibətlər sisteminin elektron qaydada hüquqi müstəvidə əhatə olunmasına imkan yaratmaqla, həm işçilərin, həm də biznes strukturlarının əmək bazarında mənafelərini ifadə edəcək”.
EİS-dən istifadə ilə bağlı müvafiq məlumatlandırma işlərinin aparıldığını diqqətə çatdıran İ.İsayev eyni zamanda əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə hazırlanan Milli Strategiya layihəsindən bəhs edib, layihəyə əsasən ölkədə Dövlət Əməyin Mühafizəsi Fondunun, Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılacağını bildirib.
CAHANGİR
22/05/14 Çap et