Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “TeliaSonera” şirkətinin prezidenti ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “TeliaSonera” şirkətlər qrupunun prezidenti Johan Dennelindin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən görüşdə Azərbaycanda mobil rabitə sektorunun inkişafı, o cümlədən bu sahədə texniki məsələlər, şirkətlə gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə edilib.
 
 
“TeliaSonera”-nın Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirən nazir bu şirkətlər qrupuna daxil olan “Azercell Telekom” MMC-nin mobil rabitə sektorunda qazandığı nailiyyətlərin ölkə iqtisadiyyatında da xüsusi payı olduğunu vurğulayıb.
Azərbaycana ilk dəfə səfər edən “TeliaSonera” şirkətlər qrupunun prezidenti Johan Dennelind isə ölkəmizlə gələcək əməkdaşlıq istiqamətlərindən, eyni zamanda investisiya qoyuluşu, eləcə də ən son nəsil telekommunikasiya texnologiyalarının ölkəyə gətirilməsinin davamı ilə bağlı planlardan bəhs edib. Müasir dünyada texnologiyaların sürətli inkişafı və bu aspektdə internet və innovasiyaları önə çəkən şirkət rəsmisi daim təkmilləşməkdə olan innovasiyalar hesabına hazırda yeni nəslin yetişdiyini də bildirib:
 
 
 “Azərbaycanda da istedadlı gənclər var. Biz onları 20-dən artıq ölkədə filial-müəssisəsi olan və müştəri sayı milyonlarla ölçülən “TeliaSonera”-nın fəaliyyət göstərdiyi digər ölkələrə aparmaq istəyərdik”. Şirkətin bu gün dünyanın mobil rabitə sektorunda ən iri vergi ödəyicilərindən biri olduğunu da nəzərə çatdıran J.Dennelind müştərilərə rahat və effektiv ünsiyyət üçün telekommunikasiya xidmətlərinin təqdim olunmasında “TeliaSonera”-nın üzərinə böyük öhdəliklər götürdüyünü vurğulayıb.
 
 
Şirkət tərəfindən Azərbaycana da bir çox yeniliklər gətirildiyini deyən nazir Ə.Abbasov “Azercell”in təqdim etdiyi LTE texnologiyalarının gələcəkdə ucqar yaşayış məntəqələrinə qədər çatdırılmasının vacibliyindən söz açıb.
 
 
Hazırda müştərilərə yüksək keyfiyyətli internet xidmətləri təqdim edən “Azercell”in ölkəmizdə fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan “Milli genişzolaqlı internetin inkişafı” layihəsində iştirakının mümkünlüyünə də diqqət çəkən nazir mobil internetə olan tələbatın getdikcə daha da yüksəldiyini nəzərə alaraq, əsas mobil operatorlardan biri kimi şirkətin bu istiqamətdə səylərinin bir qədər də artırılmasını, eyni zamanda gələcək fəaliyyətində rouminq tariflərinin aşağı salınmasını, həmçinin ümumilikdə göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsini vacib sayıb. Xüsusən “Bakı 2015 - I Avropa Oyunları”na diqqət çəkən Ə.Abbasov oyun və təşkilati məkanların mobil rabitə xidmətləri ilə təmin edilməsi istiqamətində “Azercell”in artıq müvafiq tədbirlərə başladığını qeyd edib.
 
 
“TeliaSonera” şirkətlər qrupunun prezidenti də müştəri məmnunluğu üçün keyfiyyətin artırılması istiqamətində tədbirlərin daha da gücləndiriləcəyini, o cümlədən “Bakı 2015 - I Avropa Oyunları”nın uğurlu keçməsi üçün rabitə xidmətlərinin təmin edilməsi sahəsində rəhbərlik etdiyi qurumun əlindən gələni əsirgəməyəcəyini, ümumilikdə isə Azərbaycanın davamlı, dayanıqlı iqtisadiyyatına töhfə verməkdə davam edəcəklərini bildirib.
 




23/05/14    Çap et