Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda geoməkan məlumatları pilotsuz təyyarə vasitəsilə toplana bilər
Hazırda bütün dünyada geoməkan texnologiyaları sürətlə inkişaf edən sahələrdən biri hesab olunur. Bu gün istifadə edilən informasiyanın 80%-i məkana bağlı olan məlumatlardır. Ona görə də, ümumiyyətlə, informasiya texnologiyaları sahəsində işləyən insanlar indiyə kimi istifadə olunan sistemlərdə məkana bağlı hissənin analizi, saxlanılması, ötürülməsi və s. belə məsələlərə xüsusi önəm verməyiblər. İndi istənilən smartfon, planşet kompüter ələ götürülərkən birinci verilən sual bu olur ki, sizin məkan məlumatlarınızdan istifadə etmək olarmı? Bu baxımdan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) hesab edirlər ki, sözügedən məsələlər böyük aktuallıq təşkil edir.
Komitənin yaydığı məlumatda qeyd olunur ki, Azərbaycanda geoməkan məlumatlarının toplanılması üçün xüsusi pilotsuz təyyarələrdən istifadə olunması nəzərdə tutulur. Bununla bağlı İsveçrənin Cenevrə şəhərində Dünya Geoməkan Forumu çərçivəsində DTXK müvafiq şirkətlərlə danışıqlar aparıb.
Qeyd edək ki, “Geospatial Media and Communication”ın təşkilatçılıq etdiyi forum çərçivəsində geoməkan texnologiyaları sahəsində ixtisaslaşan şirkətlər il ərzində istehsal etdikləri məhsul və texnologiyaları təqdim edir, o cümlədən öz patentlərini digər şirkətlərlə bölüşürlər.
Hazırda geoməkan məlumatlarının toplanması ilə bağlı yeni texnologiyalar mövcuddur. Bununla bağlı da danışıqlar aparılıb və texnoloji razılaşdırmalar gedir. DTXK bildirir ki, bu günə kimi çəkilişlər, fotoplanların hazırlanması və digər məsələlər üçün Yerin zondlanma peyklərindən alınıb:
“Müasir texnologiyalar belədir ki, kiçik pilotsuz təyyarələr vasitəsilə lokal çəkilişlər aparılır. Bundan sonra xüsusi proqram təminatı onu lazım olan formata gətirir və onun üzərində artıq iş görmək, hər cür elektron xəritələr yaratmaq mümkündür. Bunlardan əldə etmək və istifadə etmək gündəmdə olan məsələlərdən biridir”.
Seymur
23/05/14 Çap et