Çin təhlükəsizlik yoxlamasından keçməyən İT məhsullarının satışını qadağan etmək niyyətindədir
Çin Dövlət İnternet İnformasiya İdarəsi informasiya texnologiyaları sahəsində milli təhlükəsizlik və ya ictimai maraqlara aid mal və xidmətlərdə gizli müşahidə və dinləmə funksiyalarının aşkarlanmasına yönələn icbari yoxlanışın tətbiq ediləcəyini bəyan edib.
Yoxlamadan keçməyən mal və xidmətlərin satışının qadağan olunması nəzərdə tutulur. Yeni yoxlama sisteminin necə fəaliyyət göstərməsi barədə məlumat verilmir.
Bu qaydanın tətbiq edilməsinə səbəb kimi ABŞ və Çin arasında kompüter təhlükəsizliyi məsələlərində münasibətlərin gərginləşməsi göstərilir. Belə ki, bir neçə gün əvvəl Çin ordusunun beş hərbi qulluqçusuna qarşı ABŞ təşkilatlarının kompüter şəbəkələrinə müdaxilə edilməsi və kommersiya sirlərinin oğurlanması ilə bağlı ittiham irəli sürülüb.
Analitiklərin sözlərinə görə, yeni qaydalar Çində fəaliyyət göstərən xarici şirkətlərin işinə mane olsa da, yerli şirkətlərə kömək edəcək, - “Computerworld
www.osp.ru” yazır.