Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Prezident Kitabxanası “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron resursu internet istifadəçilərinə təqdim edib


Prezident Kitabxanasında “Virtual Azərbaycan tarixi” layihəsi çərçivəsində Azərbaycan, rus və ingilis dillərində tərtib edilən bu resurs müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlət olan, dövlətçilik tariximizə parlaq səhifələr yazan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi irsini öyrənənlər üçün dəyərli bir mənbədir.
 

Elektron resurs “Yaranması və fəaliyyəti”, “Sənədlər”, “Resurslar”, “E-kitablar” adlı 4 əsas və 20 yarım bölmədən ibarətdir. Birinci bölmədə istifadəçilər Azərbaycan Xalq Cümhuriyyəti haqqında ümumi məlumat əldə edəcək, Milli Şuranın, parlamentin və hökumətin tərkibi və fəaliyyətləri barədə yığcam materiallarla tanış ola biləcəklər.
 

“Rəmzlər və atributlar” yarımbölməsində istifadəçilər AXC-nin dövlət rəmzləri və atributları (bayraq, gerb, himn, orden və medallar, pul vahidləri, dövlət dili və ordu) haqqında zəruri məlumatlar əldə edəcəklər.
AXC-nin ərazisi və əhalisi haqqında məlumatlar da birinci bölmədə öz əksini tapıb. Bölmədə AXC hökumətinin mövcud olduğu 23 ay ərzindəki diplomatik fəaliyyətinə dair qısa məlumat verilib. Xalq Cümhuriyyəti xadimləri haqqında bioqrafik məlumatlar da ayrıca yarımbölmədə təqdim edilir.
 
Xalq Cümhuriyyətinin yaranması ərəfəsində və mövcud olduğu dövrdə baş vermiş mühüm hadisələr “Xronologiya” yarımbölməsində əks etdirilib.
Elektron resursun “Sənədlər” bölməsində “İstiqlal bəyannaməsi”nin mətni, parlamentin yaradılması və AXC-nin süqutu haqqında qərarlar öz əksini tapıb. Həmin bölmədə Cümhuriyyət dövrünün inzibati-ərazi bölgüsünü özündə əks etdirən xəritələr toplanıb.

“Fotoarxiv” yarımbölməsində Cümhuriyyət dövrünə aid bəzi sənədlərin fotoları və bir sıra nadir fotoşəkillər öz əksini tapıb. Bu bölmədə, həmçinin Azərbaycan Respublikası Prezidentinin Xalq Cümhuriyyəti ilə bağlı sərəncamları, Respublika Günü münasibətilə keçirilən təntənəli yığıncaqlarda və rəsmi qəbullarda dövlətimizin başçısının nitqlərinin tam mətnləri toplanıb.

“Resurslar” bölməsində Prezident Kitabxanasının fondlarında saxlanılan dövri mətbuat nəşrlərindən seçilmiş 83 məqalənin tam mətni, 500-dən çox kitab, avtoreferat və məqalənin biblioqrafik təsviri verilib.

Elektron resursun tədqiqatçilar üçün xüsusilə əhəmiyyətli olan “E-kitablar” bölməsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Arxiv İdarəsinin Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid nəşr etdirdiyi arxiv sənədlərindən ibarət topluların, Cümhuriyyətin qurucularının memuar xarakterli kitablarından, ayrı-ayrı tədqiqat əsərlərindən, ensiklopediyalardan ibarət Azərbaycan, ingilis və rus dillərində Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış 86 kitabın elektron versiyası oxucuların istifadəsinə verilib.

http://axc.preslib.az ünvanında yerləşdirilən “Azərbaycan Xalq Cümhuriyyəti” elektron resursunun mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.




27/05/14    Çap et