Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet perimetrinin qorunması ilə bağlı layihənin maliyyə tərəfləri müəyyən edilir


Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) internet perimetrinin qorunmasını təmin etmək məqsədi ilə addımlar atmağa hazırlaşır.



CERT-in əməkdaşı Tural Məmmədovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda dövlət qurumlarının internet resurslarının təhlükəsizliyi tam təmin edilib.
 
“Lakin Azərbaycanın bütün internet perimetrinin qorunmasını təmin etmək məqsədi ilə addımların atılması ilə bağlı planların reallaşdırılmasına hələ başlanılmayıb. Hazırda biz bu layihənin maliyyə tərəfini müəyyən edirik. Layihə çərçivəsində dövlət qurumları ilə yanaşı, sadə istifadəçilər də bizim təhlükəsizlik tədbirlərimizdən yararlana biləcək. Ölkəyə daxil olan internet təhlükəsizlik süzgəcindən keçirilməsi və zərərli siqnaturaların aşkar edilməsi istiqamətində işlər aparılacaq və zərərli qoşulmalar aradan qaldırılacaq”,- deyə o bildirib.

Azərbaycanda internetin regionlara çıxması təhdidlərin sayının artmasına səbəb olub, çünki regionlarda ilkin mərhələdə istifadəçilər təhlükəsizliyə fikir vermirlər, çox asanlıqla ziyanverici saytlara daxil olmaqla, proqram təminatı almadan kontent yükləyirlər və ziyanvericilərin qurbanına çevrilirlər. Ən çox müdaxilələr Afrika dövlətləri və internetə çıxışı olan, lakin nəzarətdən kənarda olan regionlardan daxil olur. Çünki bu regionlarda kompüterləri analiz etməyə imkan olmur.


Aynur Vəliyeva




30/05/14    Çap et