Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət Fondu elektron xidmətlərlə bağlı növbəti təqdimatı edib
Dövlət Sosial Müdafiə Fondu (DSMF) göstərdiyi elektron xidmətlərlə bağlı maarifləndirmə və məlumatlandırma işini ayrı-ayrı bölgələrdə davam etdirir. Fonddan verilən məlumata görə, Yevlaxda keçirilən "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi" adlı növbəti regional təqdimatda Yevlax, Tərtər, Bərdə, Ağcabədi, Laçın, Ağdam, Goranboy, Mingəçevir, Göyçay, Ucar, Ağdaş, Zərdab, Naftalan və Xocalı rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, DSMF müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir.
F.Qədimov qeyd edib ki, DSMF-nin elektron xidmətlərindən biri də "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi"dir və hazırda sığortaedənlər bu elektron xidmətdən fəal şəkildə istifadə edirlər: "Bu xidmət növü sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir".
Şöbə müdiri, həmçinin əlavə edib ki, ödənişlərin Mərkəzi Bankın Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) vasitəsilə də həyata keçirilməsi təmin edilib. Bu məqsədlə Mərkəzi Bank və DSMF arasında "AzDataKom" şəbəkəsi üzərində rabitə kanalı qurulub, lazımi texniki avadanlıq və lisenziyalı əməliyyat sistemi ilə təchiz edilib. 1 may 2014-cü il tarixə fondun 86 yerli orqanı üzrə 713798 sığortaedən haqqında məlumat KÖMİS-ə inteqrasiya edilib.
F.Qədimov çıxışının sonunda istifadəçilərin diqqətinə çatdırıb ki, bu elektron xidmətdən istifadə etmək üçün Elektron Xidmətlər Portalına (www.e-gov.az) daxil olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunan elektron xidmətlərin siyahısından "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi" elektron xidmətini seçmək lazımdır. Məcburi dövlət sosial sığorta haqlarının ödənişi real vaxt rejimində həyata keçirilir. Bu ilin I rübü ərzində məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi elektron xidmətindən 131653 istifadə sayı müəyyənləşdirilib.
Sonra isə "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi" adlı təqdimatla çıxış edən DSMF-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev fondun əhaliyə göstərdiyi digər çoxsaylı elektron xidmətlər və onlardan istifadə qaydaları barədə də ətraflı məlumat verib.
CAHANGİR
31/05/14 Çap et