Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan innovativ sahədə son bir ildə böyük uğurlar əldə edib


Azərbaycanda innovativ sahədə son bir ildə böyük irəliləyiş var və bu sahəyə  maraq müşahidə olunur.
"Etohum"un rəhbəri Burak Büyükdemirin  "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, Azərbaycanda Yüksək Texnologiyalar Parkının yaradılması çox böyük önəm kəsb edir.
 
"Yaxın 5-6 ildə Azərbaycan innovasiyaların inkişafı sahəsində böyük nailiyyətlər əldə edəcək və bunun əsas zəmanətçisi dövlətin bu sahəyə olan diqqəti və dəstəyidir. Azərbaycanla Türkiyə sərmayədarları qarşılıqlı innovasiya yatırımları həyata keçirə bilərlər ki,  bu da gələcəkdə hər iki ölkənin innovativ irəliləyişinə təkan verəcək və hər iki ölkənin iqtisadiyyatının inkişafına kömək edəcək. Gələcəkdə yerli bazarda, həmçinin  elektron ticarət sahəsində sahibkarlığın geniş yayılması gözlənilir", - deyə o bildirib.
B. Büyükdemirin sözlərinə əsasən, innovasiyalar belə bir sahədir ki, burada bir anda inkişaf mümkün deyil, buna vaxt tələb olunur.

"Türk ali məktəblərinin birində təhsil almış  Azərbaycan startapçılarından biri Silikon vadisində öz layihəsinin reallaşdırılmasına 5 milyonluq sərmayə cəlb edib. Bu, çox gözəl bir nəticədir və bu cür uğurların sayını artırmaq üçün mütəmadi olaraq ölkələr arasında təcrübə mübadiləsi aparmağa ehtiyac var. Bu məqsədlə növbəti "Etohum" toplantısını regional səviyyədə keçirməyi, bu tədbirə Orta Asiyadan, Türkiyədən startapçıların cəlb edilməsini, gələcəkdə "Startup Azerbaijan"ı, "Startup Eurasia" miqyasında keçirməyi    düşünürük", - deyə o qeyd edib.
 
Aynur Vəliyeva
 




31/05/14    Çap et