Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazirlər Kabineti ölkədə həyata keçirilən elektronlaşma istiqamətində növbəti dəyişikliyi edib


Azərbaycan Nazirlər Kabineti (NK) ölkədə həyata keçirilən elektronlaşma istiqamətində növbəti dəyişikliyi edib. Dəyişikliyə görə, Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sisteminin yaradılması ilə əlaqədar notariusların üzərinə əlavə öhdəlik qoyulub.

Öncə qeyd edək ki, bu vaxta qədər  notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən sonra iki iş günü müddətində həmin müqavilənin bir nüsxəsini sifarişli poçt göndərişi vasitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərirdi.
 
 
 Lakin NK-nın son qərarına əsasən, notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən dərhal sonra onu Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə, iki iş günü müddətində isə həmin müqavilənin bir nüsxəsini sifarişli poçt göndərişi vasitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərməlidir.
 
 
Eyni zamanda bundan sonra nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal Ədliyyə Nazirliyinin “Notariat Sənədlərinin Elektron Məlumat Bankı”na deyil, “Elektron notariat” informasiya sisteminə daxil etməlidir. Ədliyyə Nazirliyi də artıq “Notariat Sənədlərinin Elektron Məlumat Bankı”na deyil, “Elektron notariat” informasiya sisteminə daxil olmuş məlumatı texniki vasitələrdən istifadə etməklə üç gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərəcək.
 
 
Məlumat üçün bildirək ki, indiyə kimi müraciət edən şəxsin istəyi ilə notarius daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd ilə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərib.
 
 
 Bundan sonra isə müraciət edən şəxsin istəyi ilə notarius daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsinin müqavilə, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd ilə birlikdə “Elektron notariat” informasiya sistemi vasitəsilə ərizənin təsdiq edildiyi gün, iki iş günü müddətində isə həmin sənədləri sifarişli poçt göndərişi vasitəsilə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərəcək. Eyni zamanda həmin ərizənin surəti müqavilənin notariat qaydasında təsdiqlənməsi haqqında müraciət edən şəxsə veriləcək.
 
 
Sözügedən dəyişikliyə görə, notariat hərəkətlərinin aparılmasından əvvəl notarius “Elektron notariat” informasiya sistemi vasitəsilə əqdlərin, o cümlədən etibarnamələrin və vəsiyyətnamələrin təsdiqi və ya ləğv edilməsi, habelə vərəsəlik işinin açılıb-açılmaması, mülkiyyət və vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilib-verilməməsi barədə müvafiq məlumatları yoxlamalıdır. Ədliyyə Nazirliyi ilə notariat kontorları arasında yazışmalar da “Elektron notariat” informasiya sistemi vasitəsilə həyata keçiriləcək.
 
 
SEYMUR




02/06/14    Çap et