Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Almaniya kiberməhkəmənin yaradılmasını təklif edir


Almaniya hakimiyyəti axtarış sistemlərində fərdi məlumatların mühafizəsi ilə bağlı işlərə baxacaq xüsusi kiberməhkəmələrin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir.
 
Almaniya bununla Avropa İttifaqının ali məhkəmə instansiyası Avropa Məhkəməsi tərəfindən istifadəçilərin "Google" və digər axtarış sistemlərində fərdi məlumatların silinməsi ilə bağlı çıxardığı qərara reaksiya verib. "İstifadəçilər və axtarış sistemləri arasında mübahisələrin həllini "Google" alqoritminin ixtiyarına buraxmaq olmaz, -  Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi deyib.
 
Hökumət nümayəndəsi qeyd edib ki, hakimiyyət belə mübahisələrin həlli üçün müxtəlif tənzimləmə mexanizmlərini, o cümlədən kiberməhkəmələrin və xüsusi arbitraj məhkəmələrinin yaradılmasını müzakirə edir. Kiberməhkəmələrin istifadəçilər və texnoloji şirkətlər arasında yaranan mübahisələrlə bağlı qərarlar qəbul edəcəyi nəzərdə tutulur. Almaniya daxili işlər naziri axtarış sistemlərində məlumatların ləğvi prosesinin avtomatik edilməsi halında siyasi xadimlərin və məşhur şəxslərin özləri haqqında məlumatlara istinadları onların ictimai maraq doğurmasına baxmayaraq ləğv etmələri ilə bağlı narahatlığını ifadə edib.  
 
"Google" şirkəti səhmdarlarının illik iclasında icraçı direktor Erik Şmidt bildirib ki, Avropa İttifaqı məsələ ilə bağlı düzgün qərar qəbul etməyib. Öz növbəsində Almaniya DİN nümayəndəsi bəyan edib ki, dövlət qurumları hələ də Avropa Məhkəməsi tərəfindən qəbul olunan qərarın həyata keçirilməsi mexanizmlərini müzakirə edir, - "Newsru.com www.news.com" yazır.




02/06/14    Çap et