Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası arasında əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılmasına dair müqavilə imzalanıb


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliya səfəri çərçivəsində Vatikan Apostol Kitabxanası ilə tanış olub.
 
"ICTnews" xəbər xidmətinin Fondun rəsmi saytlına istinadən verdiyi məlumata əsasən,  səfər çərçivəsində Mehriban Əliyeva və Jan Lui Bruqes "2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılması"na dair yeni müqavilə imzalayıblar.
 
Vatikan Apostol Kitabxanasının direktoru Jan Lui Bruqes bildirib ki, Vatikan Apostol Kitabxanasının əsası 1475-ci ildə qoyulub. Burada tarixin müxtəlif dövrlərinə aid 1 milyondan artıq kitab saxlanılır. 2007-ci ilin iyulunda bağlanan kitabxana 2010-cu ilin sentyabrında yenidən ziyarətçilər üçün açıq elan olunub. 2014-cü ilin martından kitabxanada olan 3 mindən artıq nüsxənin rəqəmsallaşdırılmasına başlanılıb. Bu prosesin 4 il ərzində həyata keçirilməsi nəzərdə tutulur.
 
Mehriban Əliyevaya kitabxananın fəaliyyəti və texniki imkanları, Heydər Əliyev Fondu ilə birgə həyata keçirdiyi layihələr haqda da məlumat verilib. Kitabxanada mövcud olan bir çox əlyazmalar, o cümlədən Azərbaycana və regiona aid müxtəlif əlyazmalar Fondun dəstəyi ilə bərpa olunmaqdadır. Birinci mərhələdə 48, ikinci mərhələdə 16 əlyazma bərpa olunur. Üçüncü mərhələdə isə 11 əsərin bərpası həyata keçiriləcək.
 
Mehriban Əliyevaya 50-yə yaxın qədim əlyazmanın bərpa olunmuş variantları təqdim edilib.
 
Kitabxananın tərkib hissəsi olan Vatikan Məxfi Arxivi XVII əsrin əvvəllərində kitabxanadan ayrılaraq, müstəqil bir qurum kimi fəaliyyət göstərməyə başlayıb. Arxivdə 150 min nüsxə mövcuddur. 2012-ci ildə Vatikanın Məxfi Arxivində saxlanılan Azərbaycana aid sənədlərin surəti ölkəmizə təqdim olunub. Ümumilikdə, Vatikanın Apostol Kitabxanasında Azərbaycana aid 60 qədim əlyazma aşkarlanıb. Bu sənədlər IX əsrdən XVIII əsrədək olan dövrü əhatə edən nadir əlyazmalardır. Onların arasında Nizaminin, Füzulinin, Nəsiminin və digər dünya şöhrətli Azərbaycan şair və mütəfəkkirlərinin nadir əlyazmaları, eləcə də indiyədək ölkəmizdə məlum olmayan bir çox orta əsr alimlərinin elmin müxtəlif sahələrinə aid qiymətli əsərləri var.
 
Aynur Vəliyeva




03/06/14    Çap et