Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu il ölkədə domen sayının 40 faiz artımı proqnozlaşdırılır
Azərbaycanda son bir ayda qeydiyyata alınmış milli domenlərin sayı 1,7 faiz azalaraq 22624 domen adı təşkil edib.
Milli domenlərin tənzimləyicisi olan “İntrans” şirkətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, azalmanın səbəbi son bir ayda 401 domenin ləğv edilməsi ilə bağlıdır.
“Bu, mütəmadi baş verən bir haldır. İldə bir-iki dəfə domenlərin xidmət dövrü bitdikdə, onların sahibləri onların istifadəsi ilə bağlı müqaviləni yeniləmədikdə domenlərin fəaliyyəti dayandırılır”, - deyə şirkətdə bildiriblər.
İlin əvvəlindən bu günədək 3739 domen qeydiyyatdan keçirilib, 1867 domen isə ləğv edilib, beləliklə, bu ilin əvvəlindən qeydə alınan milli domen adlarının xalis artımı 1872 domen təşkil edib. İlin əvvəlinə nisbətən ölkədə qeydiyyata alınan domen adlarının sayı 16,5 faiz artıb.
Hazırda Azərbaycanda 21114 “*.az”, 908 “*.com.az”, 179 “*.edu.az”, 124“*.org.az”, 72 “*.net.az”, 67 “*.co.az”, 43 “*.int.az”, 48 “*.info.az”, 37“*.pp.az”, 18 “*.biz.az”, 8 “*.name.az”, 1 “*.mil.az”, 1 “*.pro.az” domeni qeydiyyatdan keçirilərək istifadə edilir. Coğrafi adlardan ibarət 4 domen adı qeydə alınıb “gence.az”, “sheki.az”, “ganja.az”, “imishli.az”.
Son üç ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə isə 4387, 2012-ci ildə 5478 domen adı olub. Ötən il ərzində 6199 domen qeydə alınıb və təxminən 2500 domen qeydiyyatdan çıxarılıb, nəticədə ölkədə il ərzində xalis domen artımı 3699 domen təşkil edib. Beləliklə, Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30 faiz artıb, bu il isə domen sayının 40 faiz artımı proqnozlaşdırılır.
Aynur Vəliyeva
03/06/14 Çap et