Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan su informasiya sisteminə dair seminarda təmsil olunub


İsveçrənin Cenevrə şəhərində su informasiya sistemi və suya dair məlumatların təqdim edilməsinə dair seminar, ekoloji göstəricilərə dair məqsədli işçi qrupun 8-ci sessiyası keçirilib.
 
Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, tədbirlərdə MDB-yə daxil olan dövlətlərin statistika orqanlarının və ekologiya nazirliklərinin əməkdaşları, eləcə də Gürcüstan, Makedoniya, Monteneqro, Serbiya, Bosniya və Herseqovinanın, Ətraf Mühit üzrə Avropa Agentliyinin, MDB Dövlətlərarası Statistika Komitəsinin, Mərkəzi Asiyanın Regional Ekoloji Mərkəzinin və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Azərbaycanı bu tədbirlərdə Dövlət Statistika Komitəsinin Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin Ekologiya, meşə təsərrüfatı və balıqçılıq statistikası sektorunun müdiri R.Lazımova və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin məsləhətçisi A.Yusifova təmsil ediblər.
 
Su informasiya sistemi və suya dair məlumatların təqdim edilməsinə dair seminarın məqsədi çay və göl sularının keyfiyyətinin idarə olunması, əhalinin su və sanitar şəbəkələrdən istifadəsi, su resurslarına dair informasiyanın təqdim olunması üzrə milli informasiya sistemlərinin yaradılması sahəsində qabaqcıl praktika və təcrübənin bölüşdürülməsindən ibarət olub.
 
Ekoloji göstəricilərə dair məqsədli işçi qrupun 8-ci sessiyası Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (ŞAQMA) ölkələrində ekoloji göstəricilərin tətbiqinə dair “Ətraf mühit göstəricilərinin istifadəsi üzrə Tövsiyələr”də əks etdirilmiş 8 göstəricinin icmalına həsr olunub. Bunlar atmosfer havasına çirkləndirici maddələrin atılması, şəhər rayonlarnda atmosfer havasının keyfiyyəti, ozondağıdıcı maddələrin istehlakı, istilik effekti yaradan qazların atılması, çaylarda ammoniumum konsentrasiyası və oksigenə biokimyəvi tələbat, şirin sudakı biogen maddələr, mühafizə olunan ərazilər, tullantıların əmələ gəlməsi göstəriciləridir. 
 
Milli agentliklərin veb-saytlarında onlayn rejimdəki göstəricilərin sayı ilə bağlı qeyd olunub ki, Azərbaycan üzrə 8 göstəricidən 5-i Dövlət Statistika Komitəsinin rəsmi veb-saytında yerləşdirilir. 
 
CAHANGİR
 




04/06/14    Çap et