Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya cəmiyyətinin tələblərinə uyğun olaraq ölkədə elmi jurnalistikanın yaradılması istiqamətində işlərə başlanıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycanda elmi jurnalistikanın yaradılması istiqamətində işlər aparır. Bunu AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan ictimaiyyətlə əlaqələrə məsul əməkdaşların ümumi toplantısında Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov bildirib. Onun sözlərinə görə, elm və texnologiyanın sürətlə inkişaf etdiyi, intellektual nailiyyətlərin insan həyatına durmadan daxil olduğu müasir dövrdə elmin müxtəlif sahələri üzrə biliklərin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Yeni biliklərə əsaslanan qlobal inkişaf prosesi elmi-texniki, sosial-iqtisadi və humanitar elmlərdə tədqiqatların və nəticələrin təbliğini müasir informasiya cəmiyyətinin qarşısına tələb olaraq qoyur.
Qloballaşma dinamikasının geniş vüsət aldığı Azərbaycanda bu tələbin icrasının məsuliyyəti yerli KİV-in, həmçinin elmi tədqiqat müəssisələrində ictimaiyyətlə əlaqələr üzrə çalışan əməkdaşların üzərinə düşür.
Azərbaycançılıq prinsiplərinə söykənən milli-mənəvi və dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, həmçinin Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin elmi əsasda ictimaiyyətə çatdırılması ölkə jurnalistləri qarşısında yeni vəzifə kimi formalaşıb.
Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının gücləndirilməsi, alim və mütəxəssislərin elmi fəaliyyətinin əlaqələndirilməsi, həmçinin elmi nailiyyətlərin cəmiyyətə, o cümlədən təhsil müəssisələrinə çatdırılması mühüm vəzifələr kimi yer alır:
“Elmin populyarlaşdırılması və innovativ nailiyyətlər barədə məlumatların cəmiyyətə çatdırılması işi məhz həmin vəzifələrdən irəli gəlir. Bunu nəzərə alaraq, AMEA rəhbərliyi 2013-ci il mayın 29-da Rəyasət Heyətinin qərarı ilə İctimaiyyətlə əlaqələr şöbəsini yaradıb. Son 1 il ərzində şöbənin təşəbbüsü ilə Akademiyanın 40-dan çox elmi müəssisə və təşkilatına ixtisası və ya sənəti jurnalistika ilə əlaqəli olan şəxslər cəlb olunub. Nəticədə ictimaiyyətlə əlaqələrə məsul əməkdaşlardan ibarət geniş şəbəkə yaradılmış, müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə müntəzəm və operativ əlaqə sistemi qurulub. Şəbəkə AMEA-nın və elmin təbliğinə xidmət edir. İlkin mərhələdə şəbəkənin üzvlərinə elmin təbliği xüsusiyyətləri, elmi xəbərləri hazırlama prinsipləri və mexanizmi çatdırılmışdır. Hazırda Akademiyanın bütün elmi müəssisə və təşkilatlarının fəaliyyəti geniş işıqlandırılır”.
Şəbəkənin gələcəkdə elmi jurnalistlər komandası kimi inkişaf edəcəyinə inandığını bildirən S.Hüseynov elmi jurnalistikanın mahiyyətindən də danışıb. Onun sözlərinə görə, qələm peşəsinin Azərbaycanda indiyəcən formalaşmamış bu sahəsi elm və texnologiyada baş verən yenilikləri, sosial həyatımızın problemləri və inkişafı ilə bağlı hər növ prosesin elmi izahını asan üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir. Elmi jurnalistikanın funksiyası yalnız elmi geniş kütləyə çatdırmaq deyil, həmçinin alimlərlə oxucu kütləsi arasında əlaqə yaratmaq, o cümlədən elm adamlarını müxtəlif ölkələrdəki həmkarları ilə əlaqələndirməkdir:
“Ölkəmizdə elmi jurnalistikanın formalaşması və inkişafı məqsədilə layihə, o cümlədən təlim və seminarların, yazı müsabiqələrinin keçirilməsi nəzərdə tutulur. Bu kimi layihələrə Akademiyanın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən jurnalistlərlə yanaşı, yerli KİV-in də əməkdaşları cəlb olunacaq, onlara xarici ölkələrdə təşkil edilən müvafiq təlim və seminarlarda iştirak şansları yaradılacaq”.
Bundan əlavə, şöbə tərəfindən “Əyləncəli elm” layihəsinin əsası qoyulub və AMEA-nın gənc alimləri ilə birgə Şamaxı və Xaçmazda məktəblilərlə görüşlər keçirilib. Fizika, Radiasiya və Kimya Problemləri institutları, həmçinin Mərkəzi Nəbatat Bağının gənc tədqiqatçıları şagirdlərə maraqlı təcrübələr nümayiş etdiriblər: “Burada məqsəd regionlarda gənc nəsil arasında elmi təbliğ etmək, onlarda elmə marağı artırmaqdır. AMEA-nın ictimaiyyətlə əlaqələr sahəsində əsas hədəfi Azərbaycanda elmin populyarlaşması, o cümlədən elmi nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və dünya elmindəki nailiyyətlərin ölkəmizdə təbliğidir”.
Həqiqət İSABALAYEVA
04/06/14 Çap et