Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sahibkarlarımız İKT sektoruna pul yatırma təcrübəsinə yiyələnməlidirlər”
“Bütün dünyada İKT bazarının inkişafında özəl şirkətlər bir nömrəli təşəbbüskar kimi çıxış edirlər. Azərbaycanda və bu regionda fəaliyyət göstərən özəl sektor təmsilçiləri İT sferasında olan böyük pulları görməli və bu sahəyə maraqlarını daha da artırmalıdırlar”.
Bu fikirləri "ICTnews" elektron xəbər xidmətinə verdiyi açıqlamasında İKT eksperti, “Xəzər vençur” şirkətinin həmtəsisçisi Məmməd Kərimov söyləyib.
O bildirib ki, özəl sektorun İKT sahəsinə maliyyə yatırması istiqamətində Azərbaycan qanunvericiliyi qənaətbəxşdir. Lakin təcrübə baxımından bir qədər sıxıntıların olduğunu vurğulayan ekspertin qənaətincə, sahibkarların təcrübəsinin artırılmasında fayda var:
“Yəni sahibkarlarımız İKT sektoruna pul yatırma təcrübəsinə yiyələnməlidirlər. Məsələn, mən özüm bir vençur şirkətinin həmtəsisçisiyəm. Ona görə də biz tez-tez müəyyən bir biznesə pul ayırmaq istəyən şirkət nümayəndələri ilə görüşürük. Onların ənənəvi biznesdə təcrübələri var və bilirlər ki, müəyyən məbləğ yatırdıqdan bir müddət sonra gəlir əldə edəcəklər. Bu səbəbdən də sahibkarlarımıza ənənəvi biznes rahat görünür. Lakin bizim təklif etdiyimiz İKT bazarı özəl sektor nümayəndələri üçün yeni bir sahədir. Onlara bu, qeyri-müəyyənlik gətirir. Ona görə də sahibkarlara xarici nümunələr, bu işlərdə milyonlar qazanmış şırkətlərin təcrübələri göstərilir. Yenə də gətirilən misallar çox təsiredici olmur. Bu səbəbdən də özəl sektora bizə yaxın olan ölkələrin, yəni Türkiyə və Rusiya nümunələri göstərilir”.
Azərbaycanda “Startup”, “Etohom” kimi tədbirlərin keçirilməsinin və bura təkcə ideyası olan gənclərin deyil, eyni zamanda özəl sektorun nümayəndələrinin də dəvət edilməsinin əhəmiyyətli olduğunu deyən M.Kərimov əlavə edib ki, bu gün sahibkarların İKT sahəsinə marağı artmaqdadır:
“Hazırda mənim şəxsi hədəfim yerli investorları daimi olaraq bu kimi tədbirlərə cəlb etməkdir ki, Azərbaycanın İKT bazarının real olduğunu onlara göstərək. Bildirək ki, burda daha böyük pullar, daha böyük qazanclar əldə etmək olur. Doğrudur, rəqabət çox yüksəkdir, böyük intellekt tələb edir, çox riskli bazardır. Yəni bazarın həm müsbət, həm də mənfi tərəflərini izah etmək şərti ilə, onlara geniş meydanı nümayiş etdiririk. Bilirsiniz, dövlət hər işi üzərinə götürə bilməz. Dövlət hər zaman infrastruktur və qanunvericilik tərəflərini təmin edəcək. Digər məsələləri isə özəl sektor həyata keçirməlidir”.
SEYMUR
05/06/14 Çap et