Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu il dünya proqram təminatı bazarının həcmi 6 faiz artacaq


"International Data Corporation” (IDC) analitik şirkəti dünya proqram təminatı bazarının bəzi seqmentləri üzrə yenilənmiş proqnozu açıqlayıb. Hesabatda yalnız proqram təminatı bazarının həcmini deyil, dinamikasını əks etdirən rəqəmlər yer alıb.  

Ekspertlərin qiymətləndirməsinə görə, 2014-cü ildə proqram təminatının satışı dolların hazırkı məzənnəsində ötən illə müqayisədə 5,9 faiz artacaq. Valyuta məzənnəsinin dəyişməsinin nəzərə alınmadığı göstəriciləri müqayisə etdikdə, bazarda artımın 5,7 faiz səviyyəsində olacağını güman etmək olar, halbuki 2013-cü ilin noyabrında mütəxəssislər 6,2 faizlik nəticənin hasil olacağını düşünüblər. “IDC”-nin proqnozuna əsasən, proqram təminatı istehsalçılarının mədaxili 2013-2018-ci illərdə hər il orta hesabla 6 faiz yüksələcək və bu rəqəm ötən ilin proqnozuna nisbətdə dəyişməz qalıb. 

9 faizlik göstəriciyə bərabər olan ən yüksək ortaillik artım tempini bu seqmentlər nümayiş etdirəcək: strukturlaşdırılmış məlumatların idarəetməsi üçün proqram təminatı (Structured Data Management Software), birgə iş və məlumatlara çıxış üçün əlavələr (Collaborative Applications and Data Access) və informasiyanın analizi və ötürülməsi sahəsində həllər (Analysis and Delivery).

Analitiklər korporativ əlavələr, müştərilərlə iş (Customer Relationship Management, CRM), korporativ resurslar (Enterprise Resource Management) və tədarük (Supply Chain Management) idarəetmə sistemlərində illik 6 faiz artım proqnozlaşdırırlar. Əməliyyat fəaliyyəti və istehsal idarəetməsi (Operations and Manufacturing Applications) üçün proqram təminatı bazarında da satışın bu həcmdə artması gözlənilir. 

Ekspertlərin qənaətinə görə, regional baxımdan proqram təminatı sənayesi inkişaf etməkdə olan bazarlar inkişaf etmiş bazarlarla müqayisədə daha çox irəliləyişə nail olacaq. Belə ki, Yaponiya istisna olmaqla Asiya-Sakit okean regionu, Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika, Cənubi Amerika ölkələrində proqram təminatı bazarının həcmində ildə 8,5 faiz artım gözlənildiyi halda Şimali Amerika, Qərbi Avropa və Yaponiyada bu göstərici 5,9 faizə bərabər ola bilər, - “DailyComm www.dailycomm.ru” yazır.  






06/06/14    Çap et