Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2014-cü ilin sonunadək mobil qoşulmaların sayı 7 milyarda çatacaq
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) proqnozuna görə, 2014-cü ilin sonunadək mobil qoşulmaların sayı 7 milyarda çatacaq. Ən yüksək artım tempi inkişaf etməkdə olan ölkələrdə qeydə alınıb.
"World 2014: ICT Facts and Figures" illik hesabatına əsasən, cari ildə mobil qoşulmaların sayı planet əhalisinin sayına yaxınlaşacaq.
Qoşulmaların təxminən 78%-i iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrin payına düşəcək, yalnız Asiya-Sakit okean regionunda təxminən 3,6 milyard istifadəçinin olacağı gözlənilir.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspertlər mobil abunəçi bazasının bir il ərzində artım tempini 2,6% səviyyəsində qiymətləndiriblər. İnkişaf etmiş regionlarda dinamikanı xarakterizə edən bu göstərici 1,5% təşkil edəcək ki, bu da orada rabitə bazarının "doyması" ilə əlaqədardır. İnkişaf etməkdə olan dövlətlərdə mobil auditoriya illik hesablama üzrə 3,1% artacaq.
Təşkilatın məlumatına görə, 2014-cü ilin sonunadək mobil genişzolaqlı rabitə üzrə müqavilələrin sayı 2,3 milyarda çatacaq. Bu xidmətlərin dünyada nüfuzetmə səviyyəsi 32% təşkil edir. Avropada bu göstərici 64%, Şimali və Cənubi Amerikada 59%, MDB ölkələrində 49%-dir.
BTİ-nin məlumatına görə, son 5 ildə stasionar aparatdan istifadəni nəzərdə tutan stasionar telefon bağlantısının nüfuzetmə səviyyəsi azalır.
Beynəlxalq Mobil Avadanlıq Tədarükçüləri Assosiasiyasının məlumatına görə, 2013-cü ildə dünyada mobil rabitə abunəçilərinin sayı 6.25% artaraq 6,78 milyard insan təşkil edib. Ötən ilin sonunda LTE-nin abunəçi bazası 200 milyon insanı ötüb.
Emil Hüseynov
06/06/14 Çap et