Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şirvan şəhərinin “3D” modeli yaradılacaq
“Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılması” layihəsinin icrası müvafiq satınalma proseduru əsasında Azərbaycan şirkəti “İNTEGRİS” MMC tərəfindən, oxşar layihələrdə uğurlu təcrübəyə malik olan Litva Respublikasının “Vilnüs planas” müəssisəsi və “HNİT-BALTİC” QSC-ni cəlb etməklə həyata keçirilir.
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, layihə çərçivəsində Şirvan şəhərinin baş planı, müvafiq ərazinin müfəssəl planlaşdırma layihəsinin hazırlanması, Dövlət şəhərsalma kadastrı coğrafi informasiya sisteminin, yeni tikililərin reyestrinin və şəhərin “3D” modelinin yaradılması və tətbiqi həyata keçiriləcək.
Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılmasının başlıca məqsədlərindən biri şəhərsalma fəaliyyəti həyata keçirilən zaman ərazinin kompleks idarə olunması və tənzimlənməsində, tikintiyə icazə verilməsi və onun istismara qəbulu prosedurlarında aşkarlığın, şəffaflığın, vahid pəncərə sisteminin təmin edilməsi şərti ilə müvafiq qərarların qəbul edilməsində istifadə edilən və lazım gəldikdə istifadəçilərə təqdim edilən toplanılmış, qeydiyyatdan keçirilmiş, mühafizə olunan şəhərsalma kadastr məlumatlarından ibarət müvafiq dövlət informasiya sisteminin yaradılmasıdır.
Qeyd edək ki, “Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılması” layihəsinin növbəti mərhələsi olaraq “İNTEGRİS” MMC tərəfindən beynəlxalq təcrübəyə, xüsusən də Litva təcrübəsinə əsaslanaraq Şirvan şəhərinin baş planı hazırlanıb. Baş plan layihəsi 60 gün müddətində ictimaiyyətin müzakirəsinə təqdim olunub. Şirvan şəhərinin sakinləri şəhərin Baş planının layihəsi ilə Şirvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında tanış ola bilərlər.
CAHANGİR
07/06/14 Çap et