Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan və Moldova innovasiya sahəsində konsorsium yaradacaqlar
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Moldova Elmlər Akademiyası (MEA) arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş Azərbaycan və Moldova respublikaları arasında birgə elmi tədqiqatlar üzrə əməkdaşlıq prosesinin möhkəmləndirilməsi, innovasiya strukturunun, texnologiyaların ötürülməsi üzrə layihələrin hazırlanması və reallaşdırılması, innovasiya sahəsində konsorsiumun yaradılması və digər məsələləri əhatə edir.
Saziş AMEA-da keçirilən görüşdə imzalanıb. Moldova Elmlər Akademiyasının (MEA) prezidenti, akademik Georgi Duka iə keçirilən görüşdə AMEA prezidenti, akademik Akif Əlizadə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərinin uzun illər mövcud olduğunu qeyd edib.
Bildirib ki, bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. AMEA-dan verilən məlumata görə, akademik G.Duka Azərbaycanın inkişafının göz önündə olduğunu vurğulayıb. Sonra MEA-nın strukturu haqqında məlumat verib, akademiyanın 21 institutunun, həmçinin universitet və liseyinin olduğunu diqqətə çatdırıb. MEA rəhbəri bu təhsil müəssisələrinə akademiyanın talant mənbəyi kimi ümid bəslədiyini vurğulayıb.
Qeyd edib ki, Moldova Elmlər Akademiyası Universitetində dərsləri alimlər tədris edir və bu da öz növbəsində elmlə təhsilin vəhdət şəkildə inkişafına xidmət göstərir. Moldovalı akademik əlavə edib ki, MEA-nın gənc alimlərinin fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara iştirak etdikləri qrant layihələrində 700-4000 avro məbləğində əmək haqları ödənilir.
Akademiyanın inkişaf modelindən də danışan G.Duka institutların elmi fəaliyyətini maliyyələşdirmək məqsədi ilə akademiyanın hər il onlar arasında müsabiqə keçirdiyini qeyd edib. Akademik Moldova Respublikasında 34 universitetin fəaliyyət göstərdiyini qeyd etmiş, bu universitetlərdən tələbələrin Azərbaycanda geologiya, o cümlədən neft geologiyası sahəsində təhsil almaları, elmə yiyələnmələri və təcrübə keçmələri barədə təklif irəli sürüb.
Qonaq elm və texnologiya sahəsində müştərək innovativ tədqiqatların inkişafı üçün digər təklifləri də formalaşdırmağı məqsədəuyğun hesab edib.
Həqiqət İSABALAYEVA
09/06/14 Çap et