Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünya iqtisadiyyatı kibercinayətkarlığa görə 445 milyard dollar itirir
“Center for Strategic and International Studies” (CSIS) əməkdaşları kibercinayətkarların fəaliyyətindən dünya iqtisadiyyatına dəymiş zərəri ildə 445 milyard dollar məbləğində qiymətləndiriblər. Bununla belə, əqli mülkiyyət obyektlərinin oğurlanması nəticəsində biznes təxminən 160 milyard dollar itirir. Bu haqda “Reuters” agentliyi “McAfee” antivirus firmasının dəstəyi ilə keçirilmiş tədqiqat məlumatlarına istinadən yazıb.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin sözlərinə görə, müəyyən vəziyyətlərdə kibercinayətlərdən şirkətlərə dəymiş zərərin həcmi ildə 575 milyard dollara çata bilər. Minimal zərər 375 milyard dollar təşkil edir.
"Kibercinayət innovasiyaların qlobal səviyyədə inkişafını ləngidir, çünki ixtiraçılar və investorlar qoyulmuş vəsaitlərdən gəlir əldə etmirlər - CSIS əməkdaşı Cim Lyuis deyib. İnkişaf etmiş ölkələrdə kibercinayət kadr bazarı üçün ciddi problemlər yaradır".
Hakerlərin qanunsuz fəaliyyətindən ən çox ABŞ, Çin, Yaponiya və Almaniya zərər görür: bu ölkələrin iqtisadiyyatı hər il ümumilikdə təxminən 200 milyard dollar itirir. İnkişaf etməkdə olan ölkələrdə zərər hələ ki azdır, amma bu regionlarda internetin nüfuzetmə səviyyəsinin artımı ilə əlaqədar zərərin həcmi yüksələcək.
Tədqiqat məlumatına görə, dünyanın internet iqtisadiyyatı ildə 2-3 trilyon dollar generasiya edir. Bu gəlirin təxminən 15-20%-ni kibercinayətkarlar götürürlər. Yalnız fərdi informasiyanın ələ keçirilməsindən dəymiş zərər 150 milyard dollar dəyərində qiymətləndirilir. Təxminən 40 milyon amerikalı ələ keçirilmiş məlumatların “qurbanı” olub. Türkiyədə bu göstərici 54 milyon, Almaniyada 16, Çində 20 milyondan çoxdur.
“IDC” analitiklərinin qiymətləndirməsinə görə, 2014-cü ildə dünya şirkətləri qeyri-leqal proqram təminatında boşluqların aradan qaldırılmasına 127 milyard dollar xərcləyəcək. Daha 364 milyard dollar korporativ informasiya sızması ilə mübarizəyə xərclənəcək.
Emil Hüseynov
09/06/14 Çap et