"Azərbaycana haker hücumları hər gün olur. Lakin, bunun qarşısı yüksək səviyyədə alınır". Bu barədə APA Tv-nin "Sosium" verilişində Rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib: "Coğrafiyasına baxanda qəribə səslənsə də, Amerika, Çin, Rusiyanı qeyd etmək olar. Bu ölkələrin internet ünvanlarından hücum olur. İnternet ünvanı hansısa ölkəyə aid olması həmin ölkə tərəfindən olması demək deyil. Hansısa bir şəxs bir məntəqədə olmaqla başqa ölkədən hücum edə bilər.Bu, o deməkdir ki, onlarda internetin istifadəsi yüksək səviyyədədir".
Nazir müavini bildirib ki, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb ki, bu agentlik dövlət qurumlarının saytının mühafizəsi ilə məşğuldur. Eyni zamanda Rabitə və Yüksək Texnologiyaları Nazirliyində də bu xidmətləri həyata keçirən qurum fəaliyyət göstərir. Həmin xidmət daha çox ictimai saytlar, biznes qurumları və informasiya saytlarında mövcud boşluqların aşkar edilməsi və bu problemlərin aradan qaldırılmasına dəstək olur.
Nazir müavini Azərbaycanın ikinci rabitə peykinin orbitə 2017-ci ildə buraxılacağını deyib: "Hazırda tendərə qədər texniki tapşırıqların hazırlanması prosesi gedir. Plan odur ki, 2017-ci ilə növbəti peyk orbitə çıxarılsın. İstehsalçı şirkətlər tender əsasında seçiləcək. Birinci peyki quran Amerika şirkəti, peyki orbitə çıxaran Fransa şirkəti idi. Bu ölkələr dünyanın ən qabaqcıl texnologiyaya malikdir. Onlar tenderə maraq göstərirlər. Yəqin ki, növbəti işi onlarla davam edəcəyik. Peyklərimiz nə qədər çox olarsa, bu sektora dair xidmət sahələri genişlənər. Eyni zamanda üçüncü peyk də olacaq. Bu, artıq yer səthinin müşahidə peykidir. Bütün bu istiqamətdə görülən işlər ardıcıl və kompleks xarakter daşıyır".
Nazir müavini bildirib ki, peykin orbitə çıxarılması çıx məsrəf tələb etsə də, ancaq sərf olunan vəsaitlərin geri qaytarılması çoz zaman aparmır. Onun sözlərinə görə, həmin məbləğin geri qaytarılması üçün 5-7 il nəzərdə tutulub: " Keçən ilin statistikası göstərdi ki, gəlir 5 milyon ətrafındadır. İndiki gəlir 10 milyon ətrafındadır. Göstərilən xidmətlərin sayı artdıqca bu xidmətlər öz gəlirlərini verir. Hazırda işlər gedir. Nəzərə alsaq ki, peykin fəaliyyəti 15-17 il nəzərdə tutulur. Baxmayaraq ki, peykin orbitə buraxılması məsrəf çox tələb edir, ancaq iqtisadi cəhətdən özünü doğruldan layihədir.
Elmar Vəlizadənin sözlərinə görə, "Azerispace" Azərbaycanın ilk peyki olduğu üçün müştəri cəlb etmək o qədər asan olmayıb: "Amma əhatə dairəmizin geniş olması, tərəfdaşlarımızın yüksək olması, texnologiyaların ən müasir olduğu üçün peykimizin reputasiyası yüksəkdir. Bizim peykə maraq yüksəlib".
"Elektron hökumət" portalından danışan nazir müavini artıq portalda olan xidmətlərdən yararlanan 1 milyonuncu istifadəçinin qeydə alındığını bildirib: "Bir milyonuncu istifadəçi Şəki şəhərindən oldu. Nazirin göstərişi ilə həmin şəxs təntənəli şəkildə təltif edildi. Hal-hazırda "Elektron hökumət" sistemində qeydiyyatdan keçən istifadəçilərin sayı 600 mini ötüb".
Gələn il Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı beynəlxalq rouminq qiymətlərinin aşağı salınması planlaşdırılır. Nazir müavini bildirib ki, hal-hazırda bu istiqamətdə tədbir görülür: "Ölkə daxilində mobil danışıq tarifləri aşağı düşə bilər. Bu istiqamətdə də mütəmadi işlər gedir. Düzdür, nazirliyin bu prosesə birbaşa təsir imkanları yoxdur, amma müxtəlif rıçaqlar var ki onlardan istifadə etməklə qiymətlərin ucuzlaşmasına təsir göstəririk".