Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Koreya şəxsi mobil əməliyyat sistemini hazırlamaq niyyətindədir


Cənubi Koreya açıq kodla olan şəxsi mobil əməliyyat sistemini hazırlamaq niyyətindədir. Hökumətdən bildiriblər ki, bu əməliyyat sisteminin yaradılması məqsədi “Apple” və “Google” kimi qlobal rəqiblər fonunda yerli smartfon istehsalçılarının rəqabətə davamlılıq səviyyəsini saxlamaqdır.

Bu barədə bu gün Cənubi Koreyanın İqtisadiyyat Nazirliyindən bildiriblər. Məlumat üçün qeyd edək ki, hal-hazırda Cənubi Koreyada 3 smartfon və mobil telefon istehsalçısı - “Samsung”, “LG” və “Pantech” fəaliyyət göstərir.

Qeyd edək ki, bugünkü elan “Google” tərəfindən “Motorola Mobility” şirkətinin alınmasından bir neçə gün sonra verilib. Bu sazişi şərh edən bir çox analitiklər bildiriblər ki, indi “Android” müstəqil əməliyyat sistemi olmayacaq və “Google” şirkəti sistemi ilk növbədə “Motorola” smartfonlarını optimallaşdıracaq və digərləri isə qalıq prinsip üzrə texnologiya əldə edəcəklər. Bundan başqa, Cənubi Koreya qeyd edib ki, hətta “Samsung” və “LG” kimi nəhənglərə belə dövlət dəstəyi olmadan “Apple” şirkəti ilə rəqabət aparmaq getdikcə çətinləşir.

Milli mobil əməliyyat sistemi ilin sonuna kimi hazırlanmağa başlanmalıdır. Smartfonlar üçün əməliyyat sistemi ilə yanaşı, paralel olaraq planşet və netbuklar üçün də veb-istiqamətli əməliyyat sistemi yaradılacaq.




22/08/11    Çap et