Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sağlamlıq imkanları məhdud uşaqların təhsilində elektron təhsil texnologiyalarının tətbiqi genişləndiriləcək
Azərbaycanda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların təhsilində elektron təhsil texnologiyalarının tətbiqi genişləndiriləcək. Həmçinin abilitasiya və reabilitasiya imkanlarını dəstəkləyən köməkçi texnologiyaların və qurğuların istifadəsinin təşviq edilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Eyni zamanda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sərbəst hərəkətini asanlaşdıran keyfiyyətli vasitələrlə, qurğularla təmin olunması nəzərdə tutulur. Brayl əlifbasını, alternativ şriftləri, surdo tərcüməni bilən peşəkar kadrların hazırlanması və təhsil müəssisələrinə cəlb edilməsi də önə çəkiləcək. Jest dilinin və alternativ ünsiyyət üsullarının və ünsiyyətin bütün digər mümkün metod və formalarının tətbiqinin genişləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi də diqqətdə olmalıdır.
Bu təkliflər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) hazırladığı “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nda yer alıb.
Hələlik layihə şəklində olan proqram 2014-2018-ci illəri əhatə edəcək. Proqramın başlıca məqsədi əlilliyi olan şəxslərin cəmiyyətin tam hüquqlu və bərabər üzvləri olaraq qəbul olunması, onlara hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiə olunmasıdır.
Həqiqət İSABALAYEVA
10/06/14 Çap et