Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Peyk rabitəsi üzrə dünyanın ən böyük təşkilatı olan “Intelsat” yeni əməkdaşlıq istiqamətləri ilə bağlı Azərbaycanla intensiv danışıqlar aparır


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov  peyk rabitəsi sahəsində dünyanın ən böyük beynəlxalq təşkilatı olan "Intelsat"-ın (The International Telecommunications Satellite Organization) baş icraçı direktoru Devid Makqleyd  və prezidenti Stiven Şpenqler  ilə görüşüb.
 
 
Nazir Əli Abbasov ölkəmizdə peyk sənayesinin qurulması və inkişafı ilə əlaqədar icra edilən dövlət proqramı, həyata keçirilən islahatlar, həmçinin Azərbaycanın orbitdə yer alan ilk telekommunikasiya peyki "Azerspace"-in kommersiya fəaliyyəti, peyk üzərindən yayımlanan yerli və xarici televiziya kanallarının sayının artmasından söz açıb. Kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, eyni zamanda respublikanın kosmik sənaye potensialının möhkəmləndirilməsi istiqamətində perspektiv planlardan da danışan nazir hazırda növbəti peyk layihələrinin icra edildiyini, o cümlədən "Azərspace-2" ikinci telekommunikasiya peykinin buraxılması və Yer səthinin müşahidəsi üçün peykin aşağı yer orbitinə çıxarılması istiqamətində görülən işləri nəzərə çatdırıb.
 
 
Ölkəmizi "Dünya kosmik klubu"na üzv olması münasibətilə təbrik edən beynəlxalq təşkilatın rəhbərləri daha sonra 1964-cü ildə təsis edilən təşkilatın bugünkü fəaliyyəti ilə bağlı ətraflı məlumat veriblər. Qeyd edilib ki, 50 illik tarixə malik və dünyanın əksər ölkələrini peyk rabitəsi xidmətləri ilə təmin edən "Intelsat"-ın hazırda təxminən 143-dən artıq üzvü var. Azərbaycanla da yeni əməkdaşlığın qurulmasında maraqlı olan təşkilat bu istiqamətdə "Azərkosmos" ASC ilə birgə fəaliyyəti hədəfləyən intensiv danışıqlar aparır.
 
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlar "Azərkosmos"-ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar.




11/06/14    Çap et