Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“UN ESCAP”-ın İKT və İnkişaf bölməsinin rəhbəri: “TASİM layihəsi Mərkəzi Asiyada genişzolaqlı internetin inkişaf etdirilməsində yaxşı, perspektiv nümunədir”
"TASİM layihəsi Mərkəzi Asiyada genişzolaqlı internetin inkişaf etdirilməsində yaxşı, perspektiv nümunədir".
Bu fikri BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UN ESCAP) və Dünya Bankının birgə təşkilatçılığı ilə Almatı şəhərində baş tutmuş Mərkəzi Asiyada Telekommunikasiya Sahəsində Yüksək Səviyyəli Regional Dəyirmi Masada "UN ESCAP"-ın İKT və İnkişaf bölməsinin rəhbəri Tiziana Bonapaçe öz giriş nitqində qeyd edib.
Sözügedən tədbirdə ölkəmizi "EuraCA/TASİM" layihəsi katibliyinin əməkdaşları Fikrət Paşayev və Rasim Səfərov təmsil ediblər.
Dəyirmi Masada Mərkəzi Asiya regionunda rabitənin artırılması üçün imkanlar, qlobal perspektivlər, investisiya və biznes modelləri ilə bağlı təqdimatlar edilib. Bu təqdimatlarda "TASİM" layihəsinə dair xüsusi maraqlar ifadə olunub.
Azərbaycan nümayəndə heyətinin çıxışında "EuraCA" və "TASİM" layihələri haqqında geniş məlumat verilib. Bildirilib ki, Avrasiya məkanı və qlobal səviyyədə rabitənin təminatı məsələləri böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycan hökuməti tərəfindən irəli sürülən və BMT-nin müvafiq qətnamələri ilə dəstəklənmiş Avrasiya Rabitə Alyansı önəmli bir quruma çevrilməlidir.
"EuraCA"-nın əsas məqsədləri sırasında rabitə sahəsində mövcud və perspektiv irimiqyaslı layihələrin (genişzolaqlı bağlantı, peyk bağlantısı və s.) müzakirəsi üçün platformanın yaradılması, bu sahədə problemlərin həlli və uğurlu təcrübələrin bölüşdürülməsi, rəqabətədavamlı biznes-telekom mühitinin formalaşması, İKT ekosistemlərinin inkişafı, dövlət və özəl sektor tərəfdaşlığını nəzərdə tutan trans-regional layihələrin təşviqi, rabitənin BMT-nin davamlı inkişaf məqsədlərinə və 2015-ci ildən sonrakı inkişaf gündəliyinə daxil edilməsi məsələləri xüsusilə qeyd olunub.
Təqdimatda həmçinin "TASİM" layihəsinin yaranması, məqsədləri, mövcud biznes modeli, layihənin Mərkəzi Asiyada genişzolaqlı internet bağlantısının inkişaf etdirilməsində rolu və layihənin reallaşmasında atılan son addımlar haqqında məlumat verilib. Bildirilib ki, 2013-cü ilin dekabrında konsorsiumun üzvləri arasında Anlaşma Memorandumu imzalanıb və maliyyə, texniki, kommersiya və hüquq məsələləri üzrə dörd İşçi Qrupu yaradılıb. "TASİM"-in vacib layihə olmasını həmçinin "Deloitte Consalting LLP", "Turk Telecom International" və "LIRNEsia" şirkətlərinin nümayəndələri də xüsusilə vurğulayıblar.
Tədbirin sonunda "Təkmilləşdirilmiş Telekommunikasiya İnfrastrukturu Vasitəsilə Mərkəzi Asiya Bağlantısının Gücləndirilməsi" adlı Almatı Bəyannaməsi qəbul olunub. Azərbaycan nümayəndə heyətinin təklifi və səyləri nəticəsində Bəyannaməyə "EuraCA"-nın vacibliyini əks etdirən üç yeni bənd daxil edilib. Sənəd müzakirələr nəticəsində yekdilliklə qəbul olunub.
Həqiqət İSABALAYEVA
11/06/14 Çap et