Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Mozilla” şirkəti 25 dollarlıq smartfonlar istehsal edəcək
“The Wall Street Journal” nəşri yazır ki, 2014-cü ilin sonunda bazara “Mozilla” proqram təminatı ilə işləyən 25 dollarlıq smartfonlar çıxarılacaq. Smartfon Cənub-Şərqi Asiya və Hindistan üçün nəzərdə tutulub.
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Mozilla” korporasiyası “Firefox” əməliyyat sistemini ucuz smartfonlar üçün uyğunlaşdırıb.
Bir müddət əvvəl şirkət “Firefox” proqram təminatı əsasında işləyən smartfonun yaradılması üçün artıq telefon istehsalçıları və rabitə operatorları ilə əməkdaşlıq çərçivəsində telefon hazırlayıb. Avropa və Latın Amerikası bu telefonlar üçün satış bazarı seçilib.
Amma bu smartfonların qiyməti 60 dollardan yüksək olub ki, bu da Hindistan və Cənub-Şərqi Asiya ölkələrində istehlakçıların əksəriyyəti üçün bahadır. “Mozilla” şirkətinin əsas əməliyyat direktoru Qun Linin sözlərinə görə, bu bazarlarda qiyməti 50 dollardan yüksək smartfonları satmaq çətindir.
“Mozilla” şirkəti ümid edir ki, aşağı qiymət və böyük imkanlar sayəsində sözügedən regionda smartfonların satışı növbəti 12 ay ərzində 10 milyonu ötəcək. Hazırda “Firefox” əməliyyat sistemi bir milyondan çox smartfonda işləyir.
“Firefox OS” əməliyyat sistemi ucuz qurğular üçün hesablanıb. “Linux” nüvəsinə əsaslanıb və “HTML5” proqramlarla işi nəzərdə tutur. “Firefox OS” ilə işləyən smartfonlar 2013-cü ildə çıxarılıb. “Firefox OS” ilə işləyən müasir aparatların qiyməti 80-100 dollar təşkil edir.
Emil Hüseynov
12/06/14 Çap et