Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın nəhəng elmi-texniki informasiya mənbəyi Azərbaycan istifadəçilərinə jest edib
"Elsevier" Azərbaycan istifadəçilərinə məlumat bazalarından istifadə edilməsi üçün yeni imkanlar yaradıb. Qafqaz Universitetindən bildirilib ki, "Elsevier-Reaxys" məlumat bazası 24 iyun, "Elsevier-Scopus" məlumat bazası isə 10 iyul tarixinə qədər Azərbaycanda istifadəçilər üçün açıq olacaq.
Qeyd edək ki, hazırda ölkəmizdə alimlərimizin dünyanın ən qabaqcıl, elektron informasiya bazalarının resurslarına çıxış imkanlarının artırılması istiqamətində təbdirlər aparılır.
Mütəxəssislərin fikrinə görə, alimlərimiz tərəfindən aparılan araşdırmaların keyfiyyətinin yüksəldilməsi, həmçinin yüksəkixtisaslı kadr hazırlığı sahəsində beynəlxalq standartların tətbiqi elmin yüksəksəviyyəli informasiya ilə təmin olunmasından bilavasitə asılıdır. Belə ki, müasir elmin ən son nailiyyətləri və təhsil sahəsində yeni innovativ texnologiyalar haqqında zəngin informasiyalar bir sıra nüfuzlu beynəlxalq elmi bazalarda cəmləşir.
Bu baxımdan, hazırda dünya səviyyəsində böyük nüfuza malik olan "Elsevier", "Tomson", "Şpringer" və s. kimi beynəlxalq elmi bazaların resurslarına çıxış çox mühüm məsələlərdəndir. Bu sahədə görülən işlərin nəticəsi olaraq, "Springer" beynəlxalq elmi bazası ilə əməkdaşlıq çərçivəsində AMEA tərəfindən artıq bazanın bütün elektron resurslarına çıxış əldə edilib. Aparıcı elmi nəşriyyat kimi tanınan "Springer" akademiya, korporativ "R & D" (Research and Development Departments – Tədqiqat və İnkişaf Bölmələri) və elmi tədqiqat institutlarını keyfiyyətli innovativ informasiya məhsulları və xidmətləri ilə təmin edir.
"Springer" hazırda dünya üzrə elm, texnologiya və tibb sahəsində ən çox kitab yayımlayan nəşriyyat evi hesab edilir. Şirkət hər il 12 müxtəlif elmi istiqamətdə 1 900-dən çox jurnal və 3 500-dən çox kitab nəşr edir. Hazırda "Springer"in elektron elmi bazasında 7 milyondan çox elmi mənbə mövcuddur. "Science Direct" və "Scopus" kimi mükəmməl elektron xidmətləri və 30 milyona yaxın istifadəçisi olan, dünyanın ən iri nəşriyyatlarından biri - "Elsevier"-ə giriş imkanlarının əldə edilməsi Azərbaycan elmi üçün mühüm əməkdaşlıq istiqamətlərindədir.
Nəhəng informasiya mənbəyi olan "Elsevier"-in imkan və üstünlüklərinə gəlincə, 1880-ci ildə Hollandiyada əsası qoyulmuş və hazırda dünyanın ən qabaqcıl nəşriyyat evlərindən biri olan "Elsevier" dünya üzrə elmi jurnallarda nəşr olunan məqalələrin təqribən 25 faizini çap edir.
Aparıcı elmi-texniki informasiya nəşriyyatı olan "Elsevier" 2000-dən çox elmi jurnal buraxır və öz elektron internet portalında 11 milyondan çox elmi məqalə ilə tanış olmaq imkanı yaradır. Nəşriyyat dünyanın 180 ölkəsindən olan 4500-dən yuxarı qurumlara (akademiyalar, elmi tədqiqat müəssisələri, universitetlər, kitabxanalar və s.) xidmət göstərir. Azərbaycan alimləri üçün daha bir vacib elektron baza "IEEE Xplore" Rəqəmsal Kitabxanasıdır. "IEEE" (Institute of Electrical and Electronics Engineers) 170 dövlətdən 400.000 çox üzvü olan, ABŞ-da fəaliyyət göstərən, 125 illik keçmişə sahib olan nüfuzlu Elektrik və Elektronik Mühəndislər İnstitutu (http://www.ieee.org) və "IEEE Azərbaycan" şöbəsi tərəfindən də bu bazaya girişin təmin edilməsi ilə bağlı işlər görülür. "IEEE" texnologiyanın inkişafı üçün dünyanın ən böyük professional birliyi sitat jurnallar, konfrans materialları, elektrik mühəndisliyi, güc və enerji, dayanıqlı enerji, yüksək gərginlik şəbəkəsi və bir çox əlaqəli texnologiyaların standartlarının nəşri sahəsində liderdir.
Mütəxəssislərin rəyinə gəlincə, AMEA İnformasiya Texnologiyaları İnstitutunda hesab edirlər ki, veb-bilik verilənlər bazası elmi biliklərin təbliği üçün mükəmməl vasitədir: "Web of Knowledge – patentlərin və elmi jurnallarda nəşrlərin referat məlumat bazaları, həmçinin nəşrlərin qarşılıqlı istinadını nəzərə alan bazaları birləşdirən, "Thomson Reuters" şirkəti tərəfindən işlənib hazırlanan axtarış platformasıdır. Bu axtarış platforması təbiət, texniki, bioloji, ictimai, humanitar elmlər və incəsənət üzrə materialları əhatə edir, axtarış, analiz və biblioqrafik informasiya idarəetmə kimi daxili imkanlara malikdir.
Sözügedən platformada, həmçinin istinad indeksinin reyestri yaradılıb".
Mənbənin məlumatına görə, "Web of Knowledge" daha çox tibb, biologiya, psixologiya, iqtisadiyyat, fizika, astronomiya, daha az isə riyaziyyat və kompüter elmləri üzrə işləri təqdim edir. "Web of Knowledge"-in məlumat bazası 23 min elmi jurnal (Web of ScienceSM-in 11 mindən çox unikal başlığını daxil edərək), 23 milyon patent, 110 min elmi konfrans materialları, 250-dən çox məhsulların kateqoriyası, son 100 il ərzində arxivlər və 40 milyondan çox mənbə və 700 milyon istinadı təqdim edir.
Bu axtarış platformasında yeni məlumat bazaları, daim indeksləşdirilən məlumatlar, dünyanın aparıcı referat bazaları, dəqiq və tam axtarış daxil olmaqla bütün kontent üzrə quraşdırılmış kompleks axtarış mövcuddur.
Həqiqət İSABALAYEVA
12/06/14 Çap et