Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tarix Muzeyi istənilən növ tarixi materialların təmizlənməsi və bərpasına imkan yaradan müasir cihaz və qurğularla təchiz edilir


AMEA Milli Azərbaycan Tarixi Muzeyində 2014-cü il iyunun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmi İnkişaf Fondunun qrantı ilə "MATM Bərpa laboratoriyasının müasir cihaz və qurğularla təchiz olunması" layihəsi çərçivəsində alınmış avadanlıqların təqdimat mərasimi keçiriləcək.
 
Tədbirdə AMEA rəsmiləri, Elmi İnkişaf Fondunun rəhbər heyəti, alimlər, muzeyşünasların, KİV nümayəndələrinin iştirakı gözlənilir.
 
Muzeydən qeyd edilib ki, alınmış avadanlıqlar ən müasir tələblərə cavab verir və müxtəlif xarakterli tarixi eksponatların bərpası üçün nəzərdə tutulub. Alınmış avadanlıq sırasında İngiltərənin "Wellord & co" bərpa və konservasiya şirkətinin istehsalı olan vakuum təmizləyicisi, eyni şirkətin istehsalı olan nəmləndirici masa, İtaliyanın "Bertoncello proxima" şirkətinin istehsalı olan mikro-qaynaq cihazı (bütün növ materiallar üzrə), İtaliyanın "CTS-prodotti-perrestouru" şirkətinin istehsalı olan sərt cisimlərin korroziya və oksidləşməsinə qarşı ultra-səs təmizləyici vanna, eyni şirkətin istehsalı olan arxeoloji tapıntıların ərplərini təmizləyən pyezo-elektrik ultrasəs təmizləyici cihaz, İtaliyanın "Dino-lite ANMO-electronics" şirkətinin istehsalı olan eksponatların üzərindəki ziyanlı proseslərin videoregistrasiya cihazı, İtaliyanın "CTS-prodotti-perrestouru" şirkəti və Almaniyanın "Scheider" şirkətinin birgə istehsalı olan qəliz kimyəvi proseslər zamanı havasızlıq fəzasını yaratmaq üçün vakuum nasosu kimi cihaz və qurğular maraq doğurur.
 
 
Alınmış avadanlıq istər şəxsi kolleksiyalarda olmuş, istərsə də arxeoloji tədqiqatlar zamanı aşkarlanmış istənilən növ tarixi materialların təmizlənməsi və sonrakı bərpası üçün geniş imkanlar yaradacaq.
 
 
 
Həqiqət İSABALAYEVA




13/06/14    Çap et