Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda neft-qaz texnologiyalarında innovasiyaların tətbiqi ilə bağlı seminar keçiriləcək
Azərbaycan və Rusiya məlumat və elmi texnologiya sahəsində mübadilə aparacaqlar. Bu məsələ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Rusiya Təbiət Elmləri Akademiyası (RTEA) arasında bağlanan müqavilədə əksini tapıb.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində razılıq əldə olunub. Bu məqsədlə AMEA-nın prezidenti, akademik Akif Əlizadə və RTEA-nın prezidenti, akademik Oleq Kuznetsov birgə müqavilə bağlayıblar. Müqavilədə iki ölkə arasında təbiət və humanitar elmlər üzrə birgə tədqiqatlar, kadr hazırlığı sahəsində müştərək işlər, həmçinin birgə konfrans, seminar və digər tədbirlərin təşkili sahəsində mübadilə məsələləri yer alır. Görüşdə neft-qaz texnologiyalarında innovasiyaların tətbiqi də müzakirə edilib. Payızda bu mövzuya dair Bakıda seminar keçirmək nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycanın 20-yə yaxın elm xadimi, o cümlədən akademiklər – Akif Əlizadə, Arif Paşayev, İbrahim Quliyev, Akif Hacıyev, Əhliman Əmiraslanov RTEA-nın xarici üzvləridir.
Həqiqət İSABALAYEVA
13/06/14 Çap et