Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“IDC”: “Azərbaycanın “Tier3” kimi data mərkəzinin yaradılması effektiv ola bilər”
"IDC" şirkəti Azərbaycan üçün "Tier3" data mərkəzinin yaradılmasını effektiv addım kimi dəyərləndirir.
Şirkətin baş təhlilçisi Mixail Popov "ICTnews" xəbər xidmətinə bildirib ki, hazırda Qazaxıstan bu istiqamətdə işlər görür.
"Qazaxıstanda "Tier3" data mərkəzi yaradılır və bu data mərkəz daxili tələbatı ödəməklə yanaşı, Mərkəzi Asiya ölkələrinə də xidmət göstərəcək. Azərbaycanda da analoji data mərkəzin yaradılması region üçün olduqca qənaətbəxşdir. Belə ki, özəl şirkətlər öz resurslarını və məlumatlarını artıq ayrıca mühafizə olunan serverlərdə saxlamayacaqlar. Şirkətlər İT xərclərini azaltmaqla xərclənən vəsaitləri digər istiqamətlərə yönəldə biləcəklər. Bundan başqa, bu iki data mərkəzdə hər iki ölkənin məlumatların güzgü variantları saxlanıla bilər və hər hansı təbii fəlakət baş verdikdə və ya ölkələrdə siyasi kataklizmlər yaşandığı halda məlumat itkisi baş verməyəcək", - deyə o bildirib.
M. Popovun sözlərinə əsasən, Azərbaycanın yaradacağı data mərkəzinin daxili istifadə imkanları ilə yanaşı, eksport potensialı da yetərincədir.
"İdxalçı ölkələr qismində Tacikistan, Özbəkistan, İran kimi İT sahəsi daha az inkişaf etmiş ölkələr çıxış edə bilər", - deyə o qeyd edib.
Aynur Vəliyeva
13/06/14 Çap et