Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
5-ci “Mobillik qrantı” müsabiqəsi elan edildi
Prezident yanında Elmin İnkişafı Fondu xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən xüsusi layihələrin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2014-cü ildə 5-ci “Mobillik qrantı” müsabiqəsini elan edib.
Müsabiqə təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədi daşıyır.
Fonddan bildirilib ki, kiçik maliyyə həcmli (10 min manatadək) qrantların verilməsi yolu ilə XETİ Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə elmi məruzələrlə iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi) və QMTK (Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə qısamüddətli təcrübəkeçmə proqramlarında iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi) xüsusi layihələri maliyyələşdiriləcək.
Müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 100 000 (yüz min) manat nəzərdə tutulub. Elmin İnkişafı Fondunun 2013-cü ildə 1-ci, 2-ci, 3-cü və 2014-cü ildə keçirilmiş 4-cü “Mobillik qrantı” müsabiqələrinin qalibi olmuş, həmçinin Fondun hal-hazırda yerinə yetirilən digər (pilot, fundamental-tətbiqi xarakterli və s.) layihələrində iştirak edən layihə rəhbərləri və icraçıları 5-ci “Mobillik qrantı” müsabiqəsində iştirak edə bilməzlər.
Cari müsabiqəyə yalnız 1 oktyabr - 31 dekabr tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər ərizələrini təqdim edə bilərlər.
“Mobillik qrantı” müsabiqəsində iştirak etmək istəyən iddiaçılar üçün elmi dərəcə və elmi ad, yaş və s. kimi məhdudiyyətlər qoyulmur. Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə elmi məruzələrlə iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi üzrə qrant iddiaçılarının adıçəkilən tədbirlərdə plenar, dəvətli və ya şifahi məruzələri nəzərdə tutulmalıdır.
Bu haqda təsdiqedici sənəd və ya dəvətnamə olmalı və müsabiqəyə təqdim olunan sənədlərə əlavə edilməlidir. “Divar” tipli məruzələr (“poster”) və ya məruzəsiz iştiraklar üzrə təqdim edilmiş layihələr texniki ekspertiza mərhələsindən keçməyəcək.
Həqiqət İSABALAYEVA
13/06/14 Çap et