Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir: “Azərbaycanla İsveç arasında İKT, alternativ enerji sahələrində iqtisadi əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün faydalı olacaq”


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İsveç Krallığının ticarət naziri xanım Eva Byörlinqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Şahin Mustafayev ölkəmizdə beynəlxalq əməkdaşlığa böyük önəm verildiyini vurğulamış, İsveçlə əlaqələrin inkişafında müqavilə-hüquq bazasının genişləndirilməsinin, ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların qorunması və təşviqi haqqında sazişlərin imzalanmasının vacibliyini qeyd edib. Görüşdə Azərbaycanda İsveç səfirliyinin açılmasının ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.
 
Bildirilib ki, Azərbaycanda makroiqtisadi sabitlik təmin edilmiş, investorlar üçün əlverişli şərait yaradılıb. Hazırda Azərbaycanın dünyanın 150-dən çox ölkəsi ilə ticarət əlaqələri vardır. Xarici ticarət dövriyyəsinin 50 faizindən çoxu Avropa ölkələrinin payına düşür. İri enerji və regional nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. 2006-cı ildə Avropa və Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi qüvvəyə minib. 2008-ci ildə Azərbaycan “Şərq Tərəfdaşlığı” Təşəbbüsünə qoşulub. Bununla yanaşı, Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişlər imzalanıb.
 
Şahin Mustafayev Azərbaycanda sənaye, metallurgiya, neft kimyası, kənd təsərrüfatı məhsullarının istehsalı, qida sənayesi, İKT, alternativ enerji sahələrinin prioritet olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin hər iki tərəfə fayda verəcəyini diqqətə çatdırıb.
Nazir Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional inteqrasiyanın inkişafına ən ciddi maneə olduğunu vurğulayıb.
 
İsveç Krallığının ticarət naziri xanım Eva Byörlinq Azərbaycanın “Şərq Tərəfdaşlığı” Təşəbbüsünə qoşulmasını yüksək qiymətləndirmiş, ölkəsinin Azərbaycanla bu sahədə fəal əməkdaşlıq etdiyini bildirib. Qeyd edilib ki, İsveç şirkətləri Azərbaycanda infrastruktur (dəmir yolları, avtomobil yolları, hava limanlarının tikintisi), səhiyyə, təhsil, ətraf mühit sahələrinə sərmayə qoya bilər. Xanım Byörlinq ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini vurğulayıb.




14/06/14    Çap et