Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Müəllimlərin işə qəbulu prosesində elektron texnologiyaların tətbiqi çevikliyi artırıb
Ötən il ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu prosesində çeviklik artırılıb. Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, başa çatan tədris ilində 3,286 vakant yer müsabiqəyə çıxarılıb: “18,782 nəfər elektron ərizə verib, 1,281 nəfər işə qəbul olunub”.
Qeyd edək ki, 1-15 iyul tarixlərində müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılacaq. Nazirliyin Təhsil sisteminin informasiyalaşdırılması idarəsi tərəfindən müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirilməsi ilə bağlı elektron proqram təminatı üzrə texniki hazırlıq işləri və zəruri təşkilati məsələlər yerinə yetiriləcək.
İşə qəbul qaydalarına gəlincə, müəssisələrdə daimi işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi və ixtisaslı müəllim kadrlarının işə qəbulu Təhsil Nazirliyi tərəfindən elektron texnologiyalar tətbiq olunmaqla və şəffaflıq təmin edilməklə mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün Təhsil Nazirliyində müsabiqə komissiyası və apelyasiya komissiyası yaradılır.
Müəssisələrdə digər pedaqoji kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, istehsalat təlimi ustaları, praktik psiхоlоqlar, sоsiоlоq-pedaqоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, bilavasitə pedaqoji prоseslə məşğul оlan mühəndis-texniki, tədris-köməkçi işçilər, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında müəssisələrin rəhbərləri tərəfindən həyata keçirilir. İşə qəbul olunan və işdən azad edilən müəllimlər haqqında məlumatlar ən gec 15 gün müddətində müəssisələrin və idarəetmə orqanlarının “Milli Təhsil Məlumat Bazası”na daxil edilir.
“Müəllimlərin yerdəyişməsi üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları” əsasında müsabiqənin birinci mərhələsində elektron proqram təminatı vasitəsilə hər bir namizədin qiymətləndirilməsi aparılır. Elektron ərizələrin qəbulu başa çatdıqdan 3 təqvim günü sonra yerdəyişmə aparılır. Ərizəsi təsdiqlənmiş namizədlər üçün yerdəyişmənin nəticəsi və müsahibənin keçirilmə vaxtı və yeri barədə məlumatlar onların şəxsi səhifəsində yerləşdirilir.
Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin ikinci mərhələsində Təhsil Nazirliyi tərəfindən müvafiq ixtisaslar üzrə müsahibələr keçirir. Bu məqsədlə müsahibə komissiyaları yaradılır. Komissiyaların tərkibinə yerdəyişmə həyata keçiriləcək müəssisənin direktoru da daxil edilir. Müsahibə mərhələsindən əvvəl namizədin elektron ərizəsində qeyd olunmuş məlumatların düzgünlüyü sənədlərin əsli ilə yoxlanılır.
Elektron ərizədəki məlumatlarla təqdim edilən sənədlər arasında uyğunsuzluq halları aşkarlandıqda, həmin namizəd müsahibəyə buraxılmır. İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi, vakant yerlərin sayına və seçim ardıcıllığına uyğun hər bir ixtisas üzrə ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə dərhal imtahandan sonra həyata keçirilir və nəticələr barədə məlumat hər bir namizədin “Şəxsi səhifə”sinə göndərilir.
Həqiqət İSABALAYEVA
14/06/14 Çap et