Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Facebook" "Like" düyməsindən reklam məqsədilə istifadə edəcək


“Facebook" sosial şəbəkəsi yaxın gələcəkdə "Like" düyməsi də daxil olmaqla, istifadəçilərin kənar saytlarda fəaliyyəti haqqında məlumatlardan istifadə etmək niyyətindədir. Şirkətin məlumatına görə, əsas məqsəd sosial şəbəkədə reklam tarqetinqini həyata keçirməkdir.
 
“ICTnews" elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, "Like" düyməsi və digər kod elementlərinin köməyilə “Facebook” bir çox veb-saytlar və mobil proqramlara inteqrasiya edilib. Bu da sosial şəbəkəyə onun istifadəçilərinin əsasən hansı sayta daxil olmaları, hansı proqramı yükləmələri və hansı veb-kontentlə maraqlanmaları barədə məlumatları toplamağa imkan verir.
 
"Hələ ki, “Facebook”-da nə etdiyiniz, hansı səhifələrə üzv olduğunuz bizə sizin maraqlarınız haqqında öyrənməyə imkan verir. Lakin tezliklə ABŞ-dan başlayaraq, biz reklam tarqetinqi üçün sizin istifadə etdiyiniz proqramlar və veb saytlardan olan məlumatlardan da yararlanacağıq" - deyə “Facebook”-dan bildiriblər.
 
Reklam tarqetinqi üçün saytlarda istifadəçilərin davranışı bir çox internet-şirkətlər tərəfindən izlənilir. Bildirilir ki, istifadəçi reklam üçün öz məlumatlarından istifadədən imtina etmək hüququna da malikdir. Bunu məşhur brauzerlərin əksəriyyətində, həmçinin “iOS” və “Android” əməliyyat sistemləri əsasında işləyən mobil telefonların sazlamalarında etmək mümkündür.
 
Emil Hüseynov




14/06/14    Çap et