Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gartner”: “2013-cü ildə təhlükəsizlik vasitələri bazarının həcmi 5 faiz artıb”


2013-cü ildə dünyada  təhlükəsizlik vasitələri bazarının həcmi 19,9 milyard dollaradək artıb ki, bu da 2012-ci ilin göstəricisindən 4,9 faiz çoxdur. Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.


Artımın gözləniləndən az olduğunu qeyd edən şirkət analitikləri bunu son istifadəçilər üçün təhlükəsizlik vasitələrinə və elektron poçt şlüzlərinə tələbatın azalmasının davam etməsi ilə izah edirlər. 2013-cü ildə bu seqmentlər proqram təhlükəsizlik vasitələri bazarının dörddə bir hissəsinə sahib olub.

Bundan başqa, dünya bazarının liderlər beşliyinə daxil olan "Symantec” və “Trend Micro” şirkətlərinin satış həcmi müvafiq olaraq 0,3 və 5,3 faiz aşağı düşüb. Nəticədə “Trend Micro”nun payı 5,6 faizədək azalıb və 5,7 faizlik paya sahib olan “IBM” şirkətini irəli buraxaraq üçüncü yerdən dördüncü yerə enib. “Symantec” birinci yeri (18,7 faiz), “McAfee” (8,7 faiz) ikinci yeri tutub. Beşinci yerdə “EMC” (3,8 faiz) şirkəti qərarlaşıb.


Analitiklər vurğulayırlar ki, 2013-cü ildə təhlükəsizlik təhdidləri genişlənib, onların tətbiqi üçün zərərli proqramlar və infrastruktur geniş vüsət alıb. Təhlükəsizliyin təmini üçün ənənəvi yanaşmalardakı çatışmazlıqların başa düşülməsi biznesin təhlükəsizlik vasitələrinin alışı zamanı qərarların qəbul edilməsində rolunu artırıb ki, bu da istehsalçıların gəlirlərinə həm müsbət, həm də mənfi təsir göstərib, - "Computerworld www.osp.ru” yazır.




17/06/14    Çap et