Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SPECA ölkələrində davamlı inkişaf üçün elm, texnologiya və innovasiya” mövzusu müzakirə edilib


Türkmənistanın paytaxtı Aşqabad şəhərində 10-13 iyun 2014-cü il tarixində (SPECA) Layihə İşçi Qrupunun “SPECA ölkələrində davamlı inkişaf üçün elm, texnologiya və innovasiya” mövzusunda VI sessiyası keçirilib.
 
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinin baş direktorun müavini Məmməd Elxan oğlu Bağır-zadə iştirak edib.
 
 
Bu barədə məlumat verən AMEA Elmi İnnovasiyalar Mərkəzinin İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Orxan Məmmədovun sözlərinə görə, BMT-nin Avropa üçün İqtisadi Komissiyasının (UNECE), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP), Türkmənistanın İqtisadiyyat Nazirliyinin birgə əməkdaşlığı keçirilmiş bu sessiyaya Böyük Britaniya, Almaniya, Belarusun alim və mütəxəssisləri qatılıblar.
 
 
Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. Proqram Daşkənd Deklarasiyası ilə 26 mart 1998-ci ildə təsis edilib. SPECA-nın hədəfi Mərkəzi Asiyada regional iqtisadi əməkdaşlığın qurulması və proqramın iştirakçı ölkələrinin dünya iqtisadiyyatına inteqrasiyasının inkişafına yardım etməkdir.
 

Həqiqət İSABALAYEVA




18/06/14    Çap et