Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda hamilə qadınların vahid elektron registri yaradılacaq


Azərbaycanda hamilə qadınların vahid elektron registri yaradılacaq. Eyni zamanda reproduktiv sağlamlıq xidmətinin vahid elektron sisteminin yaradılması nəzərdə tutulur.
 
 
Bu tədbirlər prezident İlham Əliyevin sərəncamı ilə yeni təsdiqlənmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
 
 
 Proqramda qeyd edilib ki, son illər ölkəmizdə bu sahədə nailiyyətlər əldə edilib. Bakı şəhərində Respublika Perinatal Mərkəzi, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qubada, Sabirabadda və Şəkidə regional perinatal mərkəzlər yaradılıb, müasir avadanlıqlarla təchiz edilib. Bununla belə, ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması sahəsində həll olunmalı problemlər hələ də qalmaqdadır.
 
 
Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq təşkilatların ekspertlərinin rəylərinə əsasən, bu sahədə görülmüş məqsədyönlü tədbirlərə və xidmətin göstəricilərinin yaxşılaşmasına baxmayaraq, respublikada diri və ölü doğulma hallarının mövcud meyarlarının beynəlxalq meyarlara uyğun olmamasına görə rəsmi statistik göstəricilər vəziyyətin real və obyektiv qiymətləndirilməsinə imkan vermir. Bu baxımdan, proqramın həyata keçirilməsi zərurəti yaranıb.
 
 
Proqrama əsasən, doğuşayardım tibb müəssisələrinin maddi-texniki bazası gücləndiriləcək. Həmçinin yenidoğulmuşlar arasında inkişaf qüsurlarının erkən aşkarlanması məqsədi ilə neonatal müayinələr (skrininqlər) aparılacaq. Ana və uşaqların sağlamlığının qorunması sahəsində kadr hazırlığı təkmilləşdiriləcək.
 
 
Eyni zamanda ana və uşaqların sağlamlığının qorunması sahəsində xidmət göstərən tibb işçilərinin xarici ölkələrdə müasir texnologiyalarla işləmək vərdişlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.  Ana və uşaqların sağlamlığının qorunması sahəsində monitorinq sistemi də yaradılacaq. Bundan başqa, doğuşayardım tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinq və qiymətləndirmə sisteminin yaradılması və həyata keçirilməsi nəzərdə tutulur və s.  Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələrə ana və uşaqların sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi; diridoğulmanın beynəlxalq meyarlarının tətbiq edilməsi; kadr hazırlığının gücləndirilməsi daxildir.
 
 
Həqiqət İSABALAYEVA




18/06/14    Çap et