Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İlin sonunadək "Azərpoçt"un avtomatlaşdırılmış sisteminə 1000 filal və şöbə qoşulacaq
İlin sonunadək Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC-nin avtomatlaşdırılmış korporativ informasiya sisteminə min filial və şöbə qoşulacaq. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri, Regional Rabitə Birliyinin poçt rabitəsi üzrə komissiyasının sədri Novruz Məmmədov deyib.
Məmmədovun sözlərinə görə, hazırda sistemə poçt operatorunun 710-a yaxın şöbə və filialı qoşulub. Bunun 120-si paytaxt ərazisində yerləşir. "Plana əsasən, artıq oktyabrın 1-nə "Azərpoçt"un avtomatlaşdırılmış sisteminə qoşulan filial və şöbələrin sayı 800-ə çatacaq, ilin sonuna isə bu rəqəm minə çatmalıdır", - o bildirib.
Bu gün sistemə qoşulan 400-dən çox filial və şəbəkələr artıq Azərbaycan Mərkəzi Bankından əhaliyə maliyyə xidmətlərinin göstərilməsi üçün icazə alıblar. Operatora yeddi maliyyə xidmətindən beşi üzrə xidmətin göstərilməsinə icazə verilib.
Onlara poçt hesablarının açılması və idarə edilməsi, pulköçürmə, debit kartların emissiyası, müştərinin sifarişi üzrə valyutanın alış-satışı ilə bağlı əməliyyatlar aiddir.
Perspektivdə daha iki xidmətin - depozitlərin qəbulu və kredit kartlarının emissiyası məsələsinə baxılacaq.
Azərbaycanın bank sisteminə daxil olmaqla, "Azərpoçt" bank bazarının oyunçularına ciddi rəqabət təşkil edəcək. Bu gün Azərbaycanın bank bazarında 47 bank fəaliyyət göstərir. Filialların ümumi sayı 500-dən çoxdur, halbuki "Azərpoçt"un poçt şöbələrinin sayı 1600-ü ötür.
23/08/11 Çap et