D-Wave Two” kompüterinin sınağı keçirilib
İsveçrə Ali Texniki Məktəbinin və “Microsoft” korporasiyasının “Microsoft Research” bölməsinin tədqiqatçıları yaradıcılarının kvant adlandırdığı “D-Wave Two” kompüterinin sınağını keçirərək onun klassik kompüterlərdən üstün olmadığını müəyyən ediblər.
“D-Wave Two” kompüteri ötən il “Google” tərəfindən Kanada şirkətindən 15 milyon dollara satın alınıb. Şirkət kompüterin imkanlarından süni intellektin yaradılması işində istifadə etmək niyyətində olub. Alimlər çoxdan bu kompüterin kvant olub-olmaması ilə bağlı mübahisə etsələr də, 2013-cü ildə aparılan sınaqlar göstərib ki, "D-Wave Two” bəzi əməliyyatları adi kompüterdən min dəfə sürətli edir.
Tədqiqat kvant kompüterə işi klassik mexanikaya əsaslanan klassik kompüterdən xeyli sürətli etməyə imkan verən “kvant sürətləndirmə” xüsusiyyətinin aşkar edilməsi məqsədilə aparılıb. Kvant kompüterin üstünlüyü onun həll etdiyi tapşırıqların mürəkkəbliyinin artması ilə xeyli yüksəlir. Alimlər bildiriblər ki, sınaqlar zamanı “kvant sürətləndirmə”nin əlamətləri aşkar olunmayıb. Belə ki, “D-Wave Two” qarşıya qoyulan vəzifələri adi kompüterdən tez yerinə yetirə bilməyib.
Lakin alimlər vurğulayıblar ki, onların işlərinin nəticələri “kvant sürətləndirmə”nin mövcudluğunu inkar etmir. Mütəxəssislərin fikrincə, D-Wave Two”nun daha bir sınağını keçirərək ona digər tapşırıqlar verilsə, nəzəri baxımdan mövcud effektin aşkar olunmasını istisna etmək olmaz. Bununla belə, Kanada kompüterinin iş sürəti dünyanın ən iri kompüter klasterlərinin göstəriciləri ilə müqayisə edilə bilər ki, bu da öz-özlüyündə böyük nəticədir.
Bununla yanaşı, “Google” şirkətinin laboratoriyasında alınmış kompüterin sınaqları davam etdirilir, lakin şirkət aparılan tədqiqatların nəticələrini nə vaxt dərc edəcəyi barədə açıqlama verməkdən imtina edir.
Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanika əsasında işləyən hesablayıcı qurğudur, - "Newsru
www.newsru.com” yazır.