Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çinin “Tianhe-2” superkompüteri yenidən dünyanın ən güclüsü seçilib


Çinin “Tianhe-2” superkompüteri dünyada ən güclü superkompüter olaraq qalır. Belə ki, “Tianhe-2” bazar ertəsi dərc edilən beynəlxalq Top-500 reytinqində yenidən birinci yeri tutub. İldə iki dəfə yenilənən siyahıda dünyanın 500 ən məhsuldar kompüter sistemləri yer alıb.  

Superkompüter Çin Azadlıq Ordusunun Çanşa şəhərində (Mərkəzi Çin, Xunan əyaləti) yerləşən Müdafiə Elm və Texnikası Universitetində hazırlanıb. Məhsuldarlığı 33,86 petaflopsa çatan “Tianhe-2” saniyədə 33,86 kvadrilyon kompüter əməliyyatını yerinə yetirir. Bu kompüter ilk dəfə 1993-cü ildə dərc edilən Top-500 reytinqində ardıcıl üçüncü ildir birinci yeri tutur.

İkinci yerdə 17,59 petaflops məhsuldarlıq nümayiş etdirən ABŞ-ın Tennesi ştatının Ouk-Ric Milli Laboratoriyasının “Titan” superkompüteri, üçüncü yerdə 17,17 petaflops gücə malik ABŞ-ın “Sequoia” superkompüteri qərarlaşıb.

“Top-500” tərtibatçılarının sözlərinə görə, siyahının ilk onluğu 2013-cü ilin noyabrında təqdim olunan əvvəlki reytinq ilə müqayisədə dəyişməz qalıb. Dünyanın on ən güclü superkompüterindən altısı ABŞ-da, hərəyə biri isə Çin, Yaponiya, İsveçrə və Almaniyada yerləşir. Top-500 reytinqində ümumilikdə ABŞ-ın 233, Çinin 73, Böyük Britaniya və Yaponiyanın 30, Fransanın 27, Almaniyanın 23 superkompüteri yer alıb, - “İTAR-TASS www.itar-tass.com” yazır.




24/06/14    Çap et