Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda Mədəniyyət və Rəqəmsallaşmada Platforma Mübadiləsi beynəlxalq tədbiri keçiriləcək
“Azərbaycanın sədrliyi mədəniyyətlə bağlı daha bir sıra tədbirlərə ev sahibliyi edəcəkdir. Bunların sırasında iyul ayının əvvəllərində keçiriləcək Mədəniyyət və Rəqəmsallaşmada Platforma Mübadiləsi, hər ikisi oktyabr ayında Bakı şəhərində keçiriləcək 2014-cü il Mədəni Marşrutlar üzrə Məşvərətçi Forumu və İrs günlərinə həsr olunmuş tədbir və oktyabr ayında Qəbələdə keçiriləcək “Nifrət Nitqinə Yox Hərəkatı” Gənclər Forumu daxildir”.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri AR xarici işlər naziri və Avropa Şurasının Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarovun AŞ Parlament Assambleyasında etdiyi çıxışı zamanı söyləyib. O bildirib ki, sədrliyimizin əsas prioritetləri insan haqları, demokratiya və qanunun aliliyi sahəsindən seçilib. Bu sahələr Avropa Şurasının gündəliyində duran ən vacib məsələlərdən bəziləri, eləcə də Azərbaycanın bu sahədə malik olduğu spesifik təcrübə əsasında verə biləcəyi töhfə nəzərə alınaraq müəyyən edilib. XİN rəhbərinin sözlərinə görə, korrupsiya ilə mübarizə qarşımızda duran prioritet tapşırıqlardan biridir:
“Bu istiqamətdə beynəlxalq səviyyədə ciddi addımlar atmış bir ölkə olaraq, təşkilatın bu sahədəki səylərinə töhfə vermək məqsədi ilə Korrupsiyaya qarşı Dövlətlər Qrupu – GRECO və Beynəlxalq Antikorrupsiya Akademiyasının dəstəyi ilə bu ayın sonunda Bakı şəhərində yüksəksəviyyəli konfrans təşkil etməyi planlaşdırırıq. Konfrans milli təcrübələr və antikorrupsiya qanunları və qabaqlayıcı tədbirlərin tətbiqi sahəsində qabaqcıl təcrübələr barədə fikir mübadiləsi aparmaq üçün unikal imkan yaradacaqdır”.
E.Məmmədyarov əlavə edib ki, Azərbaycan sosial vəhdətin sabit, çiçəklənən və çoxmədəniyyətli cəmiyyətlərin inkişaf və davamlılığının əsas zəmini olduğu qənaətindədir: “Sədrliyimiz Avropa Şurasının hər bir insanın ayrı-seçkiliyə məruz qalmadan sosial hüquqlardan istifadə etməsi istiqamətində gördüyü işləri dəstəkləyəcəkdir. Xüsusilə risk qrupunda olan insanlar Avropa Şurasının müxtəlif alətlərinin təmin etdiyi hüquqlardan tam istifadə edə bilməlidir. Xarici işğal nəticəsində irimiqyaslı daxili köçkünlük təcrübəsi yaşamalı olan Azərbaycan şübhəsiz ki, əhalinin ən zəif seqmenti olan məcburi köçkünlərin hüquqlarının müdafiəsinə sədrliyə aid müvafiq fəaliyyətlər çərçivəsində böyük diqqət ayıracaqdır. Eyni zamanda, gənclərin sosial hüquqlardan istifadə imkanlarının artırılmasına olan diqqət də gücləndirilməlidir. Bununla bağlı olaraq, Azərbaycan hökuməti gənclərə qarşı kənarlaşdırma, ayrı-seçkilik və zorakılıqla mübarizə istiqamətində görüləcək tədbirlərin təkmilləşdirilməsinə hədəflənən “Enter-2” layihəsinə maliyyə dəstəyi ayırmaq qərarı verib”.
Seymur Qasımbəyli
24/06/14 Çap et