Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “C#” proqram dilini öyrədən videodərslik hazırlanıb


Azərbaycanda “C#” proqram dilini öyrədən videodərslik hazırlanıb. “ICTnews” elektron xəbər xidmətinə sözügedən dərsliyin müəllifi Tural Süleymani özü məlumat verib. Proqramlaşdırma sahəsində illərlə topladığı bilikləri bir diskdə cəmləşdirdiyini vurğulayan T.Süleymani proqram dilləri ilə əlaqədar Azərbaycanda ana dilində ədəbiyyatın az olmasını önə çəkib. Ölkədə ingilis və rus dillərində kitabların olduğunu, lakin bu dillərin hər kəs tərəfindən başa düşülmədiyini qeyd edən müəllif əlavə edib ki, onun hazırladığı dərslik hər kəs, xüsusilə bu işə yeni başlayanlar tərəfindən asanlıqla qavranılacaq:
 
 “Bu gün Azərbaycanda olan kitablarda proqram dilləri professional şəkildə öyrədilmir. Lakin mənim hazırladığım videodərslikdə “C#” proqramlaşdırma dilini sıfırdan başlayaraq professional səviyyəyə kimi öyrənmək mümkündür.  Dərslikdə 58 dərs toplanılıb. Onun davamiyyəti isə 50 saatdır. Bu vəsait mənim təxminən 6 illik proqramçı fəaliyyətim dövründə əldə etdiyim təcrübəyə əsaslanaraq yaradılıb. Hazırda da həmin sahə ilə məşğul oluram deyə, iş yerlərində daha çox nələrə tələbat olur, “C#”-da nələri daha yaxşı bilmək lazımdır, hansı sahələrə xüsusi diqqət yetirmək lazımdır onları dərsliyə əlavə etmişəm. Yaxın vaxtlarda növbəti dərsliyi hazırlayacam. Azərbaycanda proqramlaşdırmaya maraq çox olduğu üçün  “PHP” proqram dili ilə bağlı videodərslik hazırlayıram”.
 
T.Süleymani onu da deyib ki, cəmiyyətdə “C#” videodərsliyə maraq çox olsa da, onun qiymətindən razı qalanların sayı çox deyil: “Sadəcə olaraq alıcılar onun qiymətindən şikayətlənir. Lakin proqramlaşdırma istiqamətində keçirilən kursların qiymətinə baxanda bu heç də baha hesab olunmamalıdır. Yeri gəlmişkən qeyd etməliyəm ki, bu dərsliyi alanlar əlavə olaraq hər həftə “Skype” vasitəsi ilə düzənlədiyim konfranslara da qoşulurlar. Konfransda nəyi öyrəniblər, nədə çətinlik çəkiblər və sairə məsələlərlə bağlı suallarını verirlər və mən də ətraflı şəkildə izah edirəm.  Dərslik bu ayın 12-dən 250 manat dəyərində olmaqla satışa çıxarılıb. Doğrudur, sifarişlərin internet üzərindən verilməsinə baxmayaraq, alqı-satqı əməliyyatı canlı olaraq aparılır. Biz videodərsliyi ünvana çatdırırıq. Çünki hələ ki, əhalinin böyük əksəriyyəti internet üzərindən alış-verişi, pulköçürmələrini bacarmır. Ona görə də məcburuq ki, məhsulu ünvana çatdıraq. Bu dərslik Azərbaycan dilində olduğu üçün bizim və Türkiyə bazarına hesablanıb. Qeyd edim ki, dərslikdə şifahi leksiyalarla yanaşı, konkret olaraq praktik tərəflər daha çoxdur. Birbaşa olaraq proqramlar hazırlana-hazırlana dinləyiciyə çatdırılır. Videodərslikdə kompüterin ekranı kameraya çəkilib. Ekranda da yaza-yaza göstərirəm, professional proqramların yığılmasına qədər hər şeyi izah edirəm. Dərslik 7 aya hazırlanıb”.
 
SEYMUR
 
 




24/06/14    Çap et